23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən yarışın 6-ci günündə yunan-Roma güləşçilər arasında ilk qaliblər bəlli olub.
Yığmamız 3 medal qazanıb. Güləşçilərimiz bir gümüş, iki bürüncə sahib olublar.
55 kq
Elmir Əliyev moldovalı Maksim Sarmanovu (9:1) və albaniyalı Andi Mukanı (11:2) vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. O, finala vəsiqə üçün rusiyalı Alibek Amirovla (UWW) qarşılaşıb və rəqib son xalı qazandığına görə qalib gəlib (2:2). Elmir bürünc uğrunda görüşdə Filip Bartoşikə (Çexiya) 8:0 hesabı ilə qalib gəlib.
63 kq
Ziya Babaşov isveçli Aleksander Vafaiyə 3:1 hesabıyla, yunanıstanlı Marios Kapantaisə isə tam üstünlüklə (10:2) qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi bolqarıstanlı Miroslav Emilov olub. Ziya 8:0 hesabı ilə qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə moldovalı Vitaliy Yeriomenkeyə 1:3 hesabı ilə uduzub.
77 kq
Xasay Həsənli yunanıstanlı Andreas Vasilakopula tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda almaniyalı Aaron Bellşeidtə uduzub - 3:7. Təsəlliverici görüşlərə qatılan Xasay bolqarıstanlı Albert Doyevə 7:3 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, üçüncü yer uğrunda çexiyalı Mixal Zelenkayla 9:1 hesabı ilə qalib gələrək, bürüncə sahib olub.
İdman.biz