Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh sazişiylə bağlı danışıqlar yekunlaşıb, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov bildirib.
Ermənistan tərəfi də Azərbaycanla sülhə yaxınlaşdığını təsdiqləyib.
Söhbət Azərbaycan və Ermənistan arasında "sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsindən gedir.
Razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan imtina etmək, digəri - başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi.
"Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq, Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir", -nazir Bayramov həmçinin qeyd edib.
Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, sülh sazişi imzalanmağa hazırdır.
"Ermənistan Respublikası sazişin imzalanması tarixləri və yeri ilə bağlı Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazırdır", - nazirliyin yaydığı məlumatda deyilir.
Ermənistan Xarici İşlər Nazirliyi onu da deyib ki, Bakıya razılaşma üzrə birgə bəyanat yaymağı təklif ediblər, lakin Azərbaycan birtərəfli açıqlama verməyə üstünlük verib.
Sülh sazişi layihəsi 17 maddədən ibarətdir.
Videonu Youtube kanalımızda izləyin.