AZ

"Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimat mərasimi keçirilib

Bakı, 13 mart, AZƏRTAC

Martın 13-də Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan XII Qlobal Bakı Forumu çərçivəsində “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa və XII Qlobal Bakı Forumunun iştirakçısı olan nüfuzlu şəxslər iştirak ediblər.

Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun videomüraciətində forumun əhəmiyyətini vurğulayıb və qlobal çağırışlardan bəhs edib.

Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel və BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan Qlobal Bakı Forumunun qlobal çağırışların müzakirəsində oynadığı mühüm rolu qeyd ediblər.

Onlar “Biz hara gedirik?” mövzusunda fikir mübadiləsi apararaq, müasir dünyanın qarşısında duran əsas məsələlərə dair mülahizələrini bölüşüblər.

Sonra “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın 2025-ci il üzrə qalibinin adı açıqlanıb.

Beynəlxalq mükafata UNESCO-nun xoşməramlı səfiri Kim Fuc Fan Thiya layiq görülüb.

Mükafatı Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa və Finlandiyanın sabiq Prezidenti (2000-2012) Tarya Kaarina Halonen təqdim ediblər.

Mükafatçı təltifdən fəxr və qürur hissi keçirdiyini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gördüyü nəcib işlərdə ona hər zaman dəstək göstərəcəyini vurğulayıb.

Qeyd edək ki, “Nizami Gəncəvi Beynəlxalq mükafatı” 2012-ci ildə təsis edilib. Mükafat böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərləri özündə cəmləşdirən görkəmli şəxsiyyətlərə və qurumlara təqdim olunur.

Seçilən
21
3
azertag.az

4Mənbələr