Ermənistan sülh sazişi qüvvəyə mindikdən sonra tərəflərin ümumi sərhəddə üçüncü ölkə qüvvələrini yerləşdirməməsi ilə bağlı müddəa ilə razılaşıb.
News365.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan martın 13-də Mülki Müqavilə Partiyasının ofisində jurnalistlərlə söhbətində Ermənistanın saziş imzalanacağı təqdirdə müşahidəçiləri təkcə demarkasiya olunmuş ərazilərdən deyil, faktiki olaraq bütün sərhəddən tamamilə geri çəkməyə razı olması faktını şərh edərkən bildirib.
O, əvvəllər bəyan etdiyi mövqeyini niyə dəyişdiyi ilə bağlı sualı belə cavablandırıb:
“Biz əvvəllər bildirdiyimiz mövqeyimizi dəyişməmişik, mətni təhlil edərək qavrayışımızı dəyişmişik. Təhlükəsizlik Şurasında müzakirə apardıq və belə nəticəyə gəldik ki, bu mətnlərin mübadiləsi prosesi artıq özünü tükədib və biz bütövlükdə sülh sazişinin mətnini təhlil edərək növbəti mərhələyə keçdik. Bu təhlil nəticəsində belə qənaətə gəldik ki, dörd illik danışıqlar nəticəsində formalaşan bu kompromis mətni Ermənistan üçün məqbul ola bilər”.