AZ

“Neftçi”dəki iki stajlı futbolçudan biri söz verdi: “Şansımız heçə ensə belə...”

“Neftçi” əla imkanı boşa verdi.

Son iki turda “Sabah”la “Turan Tovuz”un xallar itirməsi fonunda dördüncü pilləyə yaxınlaşmaq üçün əla imkan yaranmışdı.

“Ağ-qaralar” “Kəpəz”i, ardınca “Turan Tovuz”u məğlub etsəydi, bu gün beşinci pillədəki “Sabah”la xal fərqi 1, dördüncü yerdəki Tovuz təmsilçisi ilə fərq 9 olacaqdı.

Bu isə qarşıdakı 10 turda avrokuboklara vəsiqə verən yerlərdən birinə yüksəlmək üçün yaxşı fürsət idi.

Komandanın təcrübəli futbolçularından olan Rəhman Hacıyev Sportinfo.az-ın “çempionat yolu ilə avrokuboklara vəsiqə şansı möcüzəyə bərabərdir” iddiasını bu cür cavablandırıb:

“Aradakı xal fərqinə baxsaq, bəli, elədir. Gərək bundan sonra 10 oyunun hamısını udub, əsas rəqiblərimizin xal itirməsini gözləyək. Şansımız heçə ensə belə, sona qədər mübarizə aparacağıq.

Yekunda neçənci yeri tutmağımızdan asılı olmayaraq, sonuncu tura qədər döyüşəcəyik. Buna əmin ola bilərsiniz. Təbii ki, əsas hədəf ölkə kubokunu qazanmaqdır”.

Hazırda “Neftçi”nin 28, “Sabah”ın 36, “Turan Tovuz”un 43, üçüncü pillədəki “Araz-Naxçıvan”ın 46 xalı var.

Rəhman Hacıyev “Neftçi”nin hazırkı heyətində Emin Mahmudovdan sonra ən çox oyun keçirən futbolçudur.

31 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə şans qazandığı 228 matçda 24 qol və 22 assistlə yadda qalıb.

HƏBİB

Seçilən
8
sportinfo.az

1Mənbələr