Sosial media istifadəçiləri arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən kontent Nyu Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş vaxtı çəkilmiş fotodur.
News365.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə mediasına müsahibəsində deyib.
O bildirib ki, Türkiyə və Ermənistan nümayəndələri arasında əlaqələrin qurulması müsbət haldır:
“Bu, ilk baxışda sadə görünə bilər, amma olduqca simvolikdir. İki ölkə təmsilçiləri arasında əvvəllər mənfi reaksiyalara səbəb olan görüşlər artıq psixoloji baryerləri aşıb. Düzdür, bu, hələ ticarət kimi vacib məsələlərə sirayət etməyib, lakin mühüm hadisədir. Prosesin uğursuz olacağını demək üçün tezdir”.
Paşinyan qeyd edib ki, tərəflər arasında normallaşma prosesi daha üç ay, altı ay və ya bir il gecikə bilər:
“Amma fikrimcə, bu, yalnız zaman məsələsidir və səbirli olmalıyıq. Bu mövzuda bəyanatlar ölkə daxilində birmənalı qarşılanmır”.