Voronej vilayətində PUA hücumu təhlükəsi elan edilib. Bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat verib.
“Diqqət! Hörmətli Voronej vilayətinin sakinləri, bölgədə PUA hücumu təhlükəsi elan edilib. Xahiş edirəm sakit olun. “Hava Hücumundan Müdafiə Qüvvələri hazırdır”, - o yazıb.
O, bölgə sakinlərini rəsmi qurumların növbəti elanlarına əməl etməyə çağırıb.
Bu gün axşam saatlarında Rostov vilayətində də PUA təhlükəsi elan edilib. Yerli sakinlərdən evlərini tərk etməmək və pəncərələrdən uzaq durmaq xahiş olunub.
Martın 13-də Ukrayna pilotsuz təyyarələrinin Belqorod vilayətinə hücumu nəticəsində 3 yerli sakin yaralanıb. Belqorod rayonunun Oktyabrski kəndində iki kişi, Valuyski rayonunun Dalnı kəndində isə bir qadın yaralanıb. Zərərçəkənlər xəstəxanalara çatdırılıb, onlara lazımi tibbi yardım göstərilir.
Rusiya Müdafiə Nazirliyi martın 13-nə keçən gecə hava hücumundan müdafiə qüvvələrinin ölkənin regionları üzərində Ukraynaya məxsus 77 pilotsuz uçan aparatını məhv etdiyini bildirib.