AZ

XII Qlobal Bakı Forumu ikiqütblü dünyaya növbəti dəfə ədalət və dürüstlük dərsidir ŞƏRH

Bakı, 14 mart, AZƏRTAC

Bəşəri problemlərin həlli yollarının ən ideal məkanı olan Bakı yenidən dünyanın diqqət mərkəzinə düşdü. Planetin xilası üçün iqlim savaşından qalib ayrılan, xalqları, ölkələri yaxınlaşdıran Azərbaycan yaşıl diplomatiya müzakirəsinin ardınca bu dəfə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”ni müzakirə etdi. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan XII Qlobal Bakı Forumunda dünya düzəninin aktual problemləri, sülh və təhlükəsizliyə təhdidlər geniş müzakirə mövzusu oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

Dünyanı sülhə, ədalətə səsləyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin illərdir uğurlu fəaliyyəti ilə beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini deyən deputat əlavə edib: “Martın 13-də Bakıda nüfuzlu dövlət və hökumət başçılarının, beynəlxalq ekspertlərin iştirak etdiyi XII Qlobal Bakı Forumunum açılışı da mühum məqamlarla yadda qaldı. Forumda Prezident İlham Əliyev geniş məzmunlu çıxışı ilə Bakıdan dünyaya Azərbaycanın haqq davasını ifadə etmiş oldu. Prezident torpaqlarımızın işğalını əbədiləşdirmək istəyən beynəlxalq təşkilatların, xüsusilə Avropa İttifaqının ədalətsiz yanaşmasına toxunaraq qeyd etdi ki, Avropanın monitorinq missiyası sərhədlərimizdə dayanır. Prezident tam haqlı danışırdı. Şübhəsiz ki, bu “binokl casusları”nın heç də xoş olmayan niyyəti yaxşı məlumdur. Amma unudurlar ki, regionda söz və güc sahibi Azərbaycandır. Ölkəmizin iradəsindən kənar bölgədə heç bir layihə, istənilən müdaxilələr gerçəkləşə bilməz.

Dövlətimizin başçısı Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında ölkəmizin mövqeyini bir daha açıqladı. Bəyan etdi ki, Azərbaycan sülh prosesinin təşəbbüskarıdır, ölkəmiz bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir.

Prezident Ermənistanın işğalı və təcavüzü nəticəsində xalqımızın yaşadığı məhrumiyyərlərdən söz açaraq söylədi ki, bu ağrını heç zaman unutmayacağıq. İşğaldan azad olunmuş ərazilərə səfər edən xarici qonaqlar bu dəhşətli barbarlığı gözləri ilə görürlüər.

Hər şey yerlə-yeksan olunub, şəhərlərimiz xarabalığa çevrilib, dinimizə və tarixi irsimizə bilərəkdən ağır zərbə endirilib. Xalqımızın, eləcə də bütün dünya müsəlmanlarının hissləri təhqir olunub, milli-mədəni abidələrimiz, 65 məscid dağıdılıb və müqəddəs yerlərdə donuz saxlayıblar”.

R.Mahmudov xatırladıb ki, Azərbaycan beynəlxalq hüququn verdiyi imkandan istifadə edərək BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdi: “Prezident beynəlxalq qurumların fəaliyyətsizliyinə də toxunaraq vurğuladı ki, əgər torpaqlarımızı hərbi yolla azad etməsəydik, bu qətnamələr 27 il də kağız üzərində qalardı. Ərazi bütövlüyü və suverenliyin tam bərpası xalqımızın iradəsinin təzahürü idi.

Bununla yanaşı, Prezident Azərbaycan-ABŞ münasibətlərinə də aydınlıq gətirdi. Azərbaycan və ABŞ milli təhlükəsizlik maraqlarına əsaslanaraq qlobal çağırış və təhdidlərə, beynəlxalq terrorizmə, onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq edir. Ölkəmiz Vaşinqtonun yaratdığı antiterror koalisiyasına qoşulan və Əfqanıstanda sülhməramlı missiyada iştirak edən, eyni zamanda, bu ölkədəki koalisiya qüvvələrinin təchizatı üçün hava dəhlizini təmin edən ilk NATO üzvü olmayan ölkələr sırasında yer alıb. Lakin ənənəvi olaraq böyük ölçüdə erməni lobbisi tərəfindən dəstəklənən Co Bayden administrasiyanın gəlişi ilə Azərbaycana təzyiqlər göstərilməyə başladı. Qəbuledilməz bəyanatlar, təhdidlər və şantajlar, eləcə də hələ 1992-ci ildə ölkəmizə qarşı qəbul edilmiş bədnam 907-ci bəndinə əsasən sanksiyaların bərpası – Baydenin dörd illik hakimiyyəti Bakıda bununla yadda qalacaq.

Azərbaycan Bayden administrasiyasının ona münasibətindən və Bakının maraqlarını nəzərə almadan Qafqazda süni bölücü xətlər yaratmaq cəhdindən dərin məyus oldu. Bu yanaşma ədalətsiz olmaqla yanaşı, həm də regionda qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafında əlavə çətinliklər yaratdı.

Əlbəttə, ABŞ-Azərbaycan münasibətlərinə bəzi Konqres üzvləri və senatorları erməni lobbisinin dəstəyi ilə ölkəmizə qarşı qeyri-konstruktiv mövqe tutmaları da böyük rol oynadı. Bu, xüsusilə Erməni Milli Komitəsi Amerikada (ANCA) və digər erməni diaspor təşkilatlarının təsiri altında olan siyasətçilər arasında daha çox müşahidə olunur. Bu istiqamətdə daha çox Adam Şif, Frenk Pallone, Nensi Pelosi fərqlənirlər. Prezident İlham Əliyev çıxışında bu məqama toxunaraq bildirdi ki, onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar”.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidentinin XII Qlobal Bakı Forumunda çıxışı ölkəmizin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyini ifadə etməklə yanaşı, həm də dövlətimizin uzunmüddətli strategiyasının tezizləri idi. Bu tezislər qüdrətli dövlət rəhbəri olaraq Prezident İlham Əliyevin dünyaya "qələbə güclü yox, haqlı olmaqdadır” mesajı oldu. Bakı Forumu 30 il işğala göz yuman ikiqütblü dünyaya, gələcək üçün təhlükəyə çevrilmiş ekoloji fəlakətə “dur” çağırışı olan COP29-a qərəzli yanaşan qüvvələrə növbəti dəfə ədalət və dürüstlük dərsi idi. Dünya sabitliyin, inkişafın və sülhün Azərbaycan modelini qəbul etməyə məcburdur. Səlibçi dünya hegemonları bəşəriyyətin və insanlığın xilası naminə bu reallığı Azərbaycan liderinin simasında qəbul etməyə məhkumdurlar.

Seçilən
10
azertag.az

1Mənbələr