Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır. Bəs qadınlar niyə boşanmaq istəyir? Sosioloq Lalə Mehralı Metbuat.az-a açıqlamasında Komitənin açıqlamasının Mediasiya Şurasından da, vəkillər tərəfindən də təsdiqləndiyini bildirib. Onun sözlərinə görə, bəzən psixoloqlar da açıqlama verir ki, qadınlar boşanmaqda daha maraqlıdırlar, ailə birliyinin bərpası mümkün olduğu vəziyyətlərdə belə israrla boşanmaq istəyirlər: “Amma cəmiyyətdə bu fikrə qarşı qadınlar tərəfindən ciddi narazılıq var. İsrarla bu açıqlamaların qərəzli olduğunu, qadınların boşanmaqda haqlı olduğunu deyirlər. Razıyam, bəzən boşanmaq yeganə çıxış yolu olur: ölməmək, öldürməmək, həyatda qalmaq, psixoloji və mənəvi olaraq bütün qala bilmək üçün boşanma yeganə çıxış yolu ola bilir. Amma bütün qadınların zorakılıq görməsi iddiası absurddur”.
Sosioloq qadınların boşanma ilə bağlı özünümüdafiəsinə hiddətlənib: “Bu 70 faizlik nisbətdəki qadınların 100-ü, 500-ü zorakılıq, mənəvi və ya fiziki şiddət səbəbilə boşanmaq istəyirlərsə, haqlıdırlar. Amma bu kütləvilik nədir? Mümkün deyil ki, bu 70 faizin hamısı haqlı olsun. Belə çıxır ölkədə normal kişi yoxdur? Axı bu kişiləri də o xanımlar böyüdür, onların anaları, xalaları böyüdür. Qadınlar niyə bu qədər maraqlıdır ailəsizliyə? Bu nə azadlıq iddiasıdır? Bu azadlıq deyil, azadlığı bu qədər ucuzlaşdırmaq doğru deyil. Ölkədə ailə soyqırımı başlayıb, təşəbbüskarı da elə qadınlardır. İllərdir altdan-altdan işlənən plan özünü doğrultdu və feminizm, gender bərabərliyi planları həyata keçir. Qadın azadlığı deyə-deyə yıxdılar ölkənin evini. Dəhşətli vəziyyətdir və bərpasına ümid hər gün azalır”. Sevinc İbrahimzadə / Metbuat.az