AZ

İslamı qəbul edən məşhur fransız futbolçunun çətin həyat yolu...

...Fransız futbolçu Bilal Riberinin şöhrətə gedən yolu asan olmayıb.

SİA-nın məlumatına görə, onun uşaqlığı ağrı və iztirablarla dolu olub.

Deməli, Riberi 1983-cü ildə Fransanın şimalındakı Bulon-sur-Merdə anadan olub və dediyimiz kimi, çətin uşaqlıq illəri keçirib.

Atası onu tərk edib və oğlanın ailə istiliyi olmadan tək böyüdüyü bir monastıra buraxıb.

Lakin onun iztirabları bununla da bitməyib. 12 yaşında o, ciddi bir avtomobil qəzasına düşüb və onun üzündə bu gün də görünən izlər qalmaqdadır.

Bu çapıqlar təkcə fiziki izlər deyil, həm də illərlə zorakılıq və istehza səbəbidir.

Belə ki, həmyaşıdları ona “monastırdan gələn canavar”, “sifəti eybəcər oğlan” kimi qəddar adlar qoyublar.

Nəticədə Riberi özünə qapanıb, ünsiyyətdən qaçıb, tək yaşayıb.

...Bununla belə futbol onun yeganə təsəllisi, amansız dünyadan sığınacağı olub.

Bütün çətinliklərə baxmayaraq, Riberi təslim olmayıb və ağrısını motivasiyaya çevirib.

Karyerasına Fransada başlayıb, daha sonra Türkiyənin “Qalatasaray” klubunda çıxış edib və yenidən Fransaya qayıdaraq “Marsel”ə keçib.

Beləliklə, onun dünya şöhrətinə gedən yolu başlayıb.

2006-cı ildə Almaniyada keçirilən Dünya Çempionatı üçün Fransa millisinə qoşulduğu zaman adından söz etdirmə şansı qazanıb və burada ilk beynəlxalq qolunu vuraraq, adi bir oyunçudan daha çox olduğunu sübut edib.

2007-ci ildə Riberi "Bavariya"ya keçib və 2013-cü ildə Çempionlar Liqasını qazanan əfsanəvi komandanın bir hissəsi olub.

O, həm də ən yaxşı vaxtlarında olan Lionel Messi və Cristiano Ronaldo kimi ulduzları geridə qoyaraq, Avropanın ən yaxşı oyunçusu mükafatını qazanıb.

Lakin o, əsas mükafatı, çoxlarının “əsrin oğurluğu” adlandırdığı Qızıl Topu almayıb, çünki mükafat Ronaldoya çatıb.

...Uğurlarına baxmayaraq, keçmişin kölgələri onu təqib etməyə davam edib.

Riberi bütün nailiyyətlərindən sonra da uşaqlığının tənhalığını və ağrısını unutmayıb.

O, çapıqlarının şəxsiyyətinin bir parçası olduğunu, xarakterini gücləndirdiyini və onu kim etdiyini deyərək plastik əməliyyatdan imtina edib.

Amma o, xoşbəxtliyi təkcə futbolda deyil, həm də mənəviyyatda tapıb.

Əlcəzair əsilli fransız qadınla evləndikdən sonra İslamı qəbul edib və Bilal Yusuf Məhəmməd adını alıb.

14 il "Bavariya"da qaldıqdan sonra Riberi 2019-cu ildə klubu tərk edib.

21 oktyabr 2022-ci ildə təqaüdə çıxdığını elan edib və onun son komandası İtalyan Salernitana olub.

Riberinin adı futbol tarixində mətanət rəmzi kimi əbədi olaraq qalacaq - ağrıları uğura çevirən və əsl gücün bədəndən deyil, ruhdan və əyilməz iradədən gəldiyini sübut edən bir insan...

Əli Babayev

Seçilən
19
sia.az

1Mənbələr