AZ

İxracyönümlü məhsulların istehsalı artır, daxili bazarlar zənginləşir

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış sənaye zonaları yeni dövrdə qeyri neft sektorunun inkişafında mühüm rol oynayır

Həm ölkənin daxili bazarını yerli məhsullarla zənginləşdirmək, həm də ixrac potensialını yüksəltmək  Azərbaycan dövlətinin əsas iqtisadi prioritetdir. Məqsəd idxal səviyyəsini aşağı endirməklə ixrac səviyyəsini yüksəltməkdir ki, bu da ölkəmizə xarici valyuta axınını sürətləndirən mühüm amildir. Bunu üçün son 10 ildə Azərbaycan dövləti yeni və daha modern iqtisadi layihələrə başlayıb.  Bu layihələrdən biri aqroparklardırsa, digəri də sənaye parkları və məhəllələridir. Bu yeni infrasirukturlar həm də qeyri-neft sənayesinin inkişafını sürətləndirən önəmli vasitədir

 Prezident İlham Əliyevin  təşəbbüsü ilə yaradılmış sənaye zonaları yeni dövrdə sənayenin inkişafında mühüm rol oynayır. Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri, eləcə də aqroparklar kimi səmərəli mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır. Ölkədə 9 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Naxçıvan, Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları, 4 sənaye məhəlləsi - Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri, həmçinin qeydiyyata alınmış 24 aqropark mövcuddur.

Ölkə iqtisadiyyatının inkişafının təməl prinsiplərindən biri də zəngin sahibkarlıq subyektlərinin formalaşdırılmasıdır. Sahibkar güclü iqtisadiyyat, çoxsaylı iş yeri, ərzaq bolluğu və bir sözlə, firavan həyat deməkdir. Sahibkar təkcə öz malının, mülkünün deyil, həm də Vətəninin sahibi olanda qüdrətli ölkənin vətəndaşına çevrilir. Ona görə də sənaye parklarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı mexanizmlər tətbiq olunurb.

Sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyədək 505 milyon manatdan çox, 2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki sənaye parklarında əlavə - kommunal xidmətlər üzrə, məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin müəyyən edilmiş bir sıra iqtisadi fəaliyyət sahələri üzrə xammal və materialların idxalının əlavə dəyər vergisi və gömrük rüsumundan azad olunması ilə bağlı güzəştlər tətbiq edilir. Sənaye zonalarına indiyədək yatırılan ümumi investisiyanın həcmi 6,9 milyard manat təşkil edib. Hazırda bu zonalarda 84 müəssisə fəaliyyətə başlayıb və 11000-ə yaxın yeni iş yeri yaradılıb.

2015-ci ildən 1 yanvar 2025-ci il tarixinə kimi sənaye zonalarında istehsal olunan 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun  4,9 milyard manatlıq hissəsi ixrac edilib. Təkcə 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 1,07 milyard manatlıq hissəsi ixracın payına düşür. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir. 2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6 faiz, qeyri-neft sənayesi məhsullarının ixracında isə 26 faiz təşkil edib.  Qeyd edilən göstəricilər sənaye zonalarının iqtisadi artıma mühüm töhfələrindən xəbər verir. 

Eyni zamanda o da həqiqətdir ki, hansı cəmiyyətdə azad və işgüzar sahibkarlar ordusu varsa, o cəmiyyət inkişafa meyilli, yaradıcı olur. Bu mənada Azərbaycanda azad sahibkarlığın inkişafı üçün həm dövlət, həm də cəmiyyət tərəfindən lazımi şərait yaradılmaqdadır. Xüsusilə ölkədə sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri daha da inkişaf etdirilir, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramlar icra olunur.

Azərbaycanda investisiya cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi, ənənəvi bazarlarda payının artırılması, yeni bazarlara çıxışının asanlaşdırılması və s. istiqamətlər üzrə reallaşdırılan tədbirlər özəl sektorun daha da güclənməsinə imkan verir. Bunun nəticəsində hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 83, məşğulluqdakı payı isə 78 faizə yüksəlib.

Elçin Zaman, «İki sahil»

Seçilən
29
ikisahil.az

1Mənbələr