AZ

Andrey Yermak: ABŞ dondurulmuş münaqişənin əleyhinədir

Kiyev, 14 mart, AZƏRTAC

Ukrayna Rusiya ilə dondurulmuş münaqişəyə getməyəcək. ABŞ Kiyevin bu mövqeyini dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikri telemarafon yayımında Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak söyləyib.

"Biz çox açıq şəkildə demişik ki, heç vaxt dondurulmuş münaqişəyə getməyəcəyik. Biz qəti şəkildə bunun əleyhinəyik və burada bizim mövqelərimiz amerikalı tərəfdaşlarımızla tamamilə üst-üstə düşür. Onlar həm də dondurulmuş münaqişənin əleyhinədirlər ", - deyə Yermak qeyd edib.

Yermak əlavə edib ki, Ukrayna və ABŞ arasında Səudiyyə Ərəbistanında keçirilən görüş çox uğurlu olub. Amma bu hələ başlanğıcdır. Ukraynanın hələ çox işi var.

Onun sözlərinə görə, Ukrayna sülh prosesi kontekstində baş verənlər barədə avropalı tərəfdaşlarını daim məlumatlandırır. Xüsusən də Kiyev və Vaşinqton Avropa nümayəndələrinin sülh prosesində iştirak etməsi ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Rusiya ilə 30 günlük atəşkəsə başlamağa razılaşıb. ABŞ belə bir təkliflə çıxış edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
6
1
azertag.az

2Mənbələr