Bu gün keçirilmiş 8 oyunla futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, 1/8 finalın cavab qarşılaşmalarının hamısı eyni günə təsadüf edib.
Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə “Reyncers”in qonağı olub. Şotlandiya klubu ilk oyunda qalib gəldiyi üçün İstanbul təmsilçisinin mərhələ adlamaq şansları yüksək qiymətləndirilmirdi. Buna baxmayaraq, “Fənər” bu rəqibini əsas vaxtda 2 cavabsız qolla üstələyib. Əlavə vaxtda tarazlıq pozulmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Reyncers” Türkiyə klubunu 1/4 finala buraxmayıb.
İngiltərənin “Mançester Yunayted” komandası evdə “Real Sosyedad”la (İspaniya) qarşılaşıb və darmadağına növbəti mərhələyə çıxıb. İspaniyanın digər təmsilçisi “Atletik” (Bilbao) isə doğma meydanda İtaliya klubu “Roma”nı mübarizədən kənarlaşdırıb. İtaliya paytaxtını təmsil edən digər komanda – “Latsio” da evdə Plzen “Viktoriya”sı ilə heç-heçəyə rəğmən, növbəti mərhələyə yüksəlib.
Digər cütlərə gəlincə, “Bodo Qlimt” “Olimpiakos”u, “Ayntraxt” “Ayaks”ı, “Tottenhem” “Alkmaar”ı, Lion “Olimpik”i də “Styaua”nı mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, Avropa Liqasında 1/4 final mərhələsinin ilk görüşləri aprelin 10-da, cavab qarşılaşmaları isə ayın 17-də keçiriləcək.
Avropa Liqası
1/8 finalın cavab oyunları
13 mart
“Latsio” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya) 1:1
Qollar: Romanyoli, 77 – Şults, 52.
İlk oyun – 2:1.
“Olimpiakos” (Yunanıstan) – “Bodo Qlimt” (Norveç) 2:1
Qollar: Yaremçuk, 53; 65 – Hoq, 36.
İlk oyun – 0:3.
“Ayntraxt” (Almaniya) – “Ayaks” (Niderland) 4:1
Qollar: Bahoya, 7. Götse, 25; 82. Ekitike, 67 – K.Teylor, 78.
İlk oyun – 2:1.
“Atletik” (Bilbao, İspaniya) – “Roma” (İtaliya) 3:1
Qollar: N.Uilyams, 45+3; 82. Berçiçe, 68 – Paredes, 90+3-pen.
İlk oyun – 1:2
“Tottenhem” (İngiltərə) – “Alkmaar” (Niderland) 3:1
Qollar: Odober, 26; 74. Meddison, 48 – Kopmeyners, 63.
İlk oyun – 0:1.
“Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya) 4:1
Qollar: B.Fernandes, 16-pen; 50-pen; 87. Dalo, 90+1 – Oyarzabal, 10-pen.
İlk oyun – 1:1.
“Olimpik” (Lion, Fransa) – “Styaua” (Rumıniya) 4:0
Qollar: Mikautadze, 14; 47. Nuama, 37; 88.
İlk oyun – 3:1.
“Reyncers” (Şotlandiya) – “Fənərbağça” (Türkiyə) 0:2 (penaltilər 3:2)
Qollar: Şimanski, 45; 73.
İlk oyun – 3:1.