Səudiyyə Ərəbistanının səhranın ortasında nəhəng göydələn-şəhər yaratmaq planları layihənin xərclərinin kəskin artması səbəbindən sual altındadır. SİA “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, təxminən 2080-ci ildə tamamlanması planlaşdırılan “Güzgü xətti” (“The Line”) layihəsinin proqnozlaşdırılan kapital xərcləri 8,8 trilyon ABŞ dolları məbləğinə yüksəlib. Bu məbləğ krallığın illik büdcəsindən 25 dəfə çoxdur.
Bundan da pisi odur ki, jurnalistlərin əlinə keçən audit hesabatı məmurların layihə üzrə şişirdilmiş xərclərin sübutlarını gizlətmək üçün rəqəmləri saxtalaşdırmağa çalışdıqlarını üzə çıxarıb.
İlkin layihəyə əsasən, göydələn səhra boyu 160 kilometr uzunluğunda olmalı idi, lakin bu planın reallaşması ehtimalı azdır. Hətta 2034-cü ilə qədər tamamlanması nəzərdə tutulan göydələnin ilk seksiyasının layihəsi yenidən nəzərdən keçirilib və uzunluğu 16 kilometrdən 2,4 kilometr qədər azaldılıb.
Lakin qənaət məqsədilə göydələnin planlaşdırılan hündürlüyünün azaldılması ilə bağlı tövsiyələrİ Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Al Səud tərəfindən kəskin etirazla qarşılayıb.