AZ

Türkiyənin Böyük Birlik Partiyasının sədri: Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir

Ankara, 14 mart, AZƏRTAC

Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir. Ölkəmizə qarşı ərazi iddiaları ilə uydurma soyqırım tezisini səsləndirən ermənilər bu mövqedən imtina ermədikcə Türkiyə-Ermənistan əlaqələri normallaşa bilməz.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinin sualına cavab olaraq Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici səsləndirib.

Onun sözlərinə görə, əgər rəsmi İrəvan regionda münasibətlərin normallaşmasını və sərhədlərin açılmasını istəyirsə və Ankara ilə dialoqun inkişafında maraqlıdırsa, bunun yolu Azərbaycanla imzalayacağı sülh müqaviləsindən keçir.

“Ankara-İrəvan dialoqu Ermənistan-Azərbaycan danışıqları ilə əlaqəlidir. Ermənistan Azərbaycana qarşı ərazi iddialarını birdəfəlik unutmalı, öz konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Rəsmi İrəvan agressiv mövqedən əl çəkmədikçə, bölgədə uzunmüddətli sülh təmin oluna bilməz”, - deyə BBP sədri vurğulayıb.

Türkiyəli siyasətçi bildirib ki, əgər Ermənistanda iqtidar dəyişsə, hakimiyyətə gələn hər hansı yeni siyasi qüvvə Əsas qanunun preambulasına istinad edərək yenidən Azərbaycana qarşı ərazi iddiası irəli sürə bilər.

Destici Ermənistan və onun dəstəkçilərinin revanşizm xəyallarını qəbuledilməz adlandırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
19
azertag.az

1Mənbələr