BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyini (A/HRC/WGAD/2024/46) alqışlayırıq.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, İşçi Qrup öz rəyində Ermənistan tərəfinin Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs olunduğu barədə iddialarını açıq şəkildə rədd edib. Sözügedən rəydə xüsusilə vurğulanır ki, Ruben Vardanyan Azərbaycan Respublikası tərəfindən bir sıra şəxslərin ölümündə və genişmiqyaslı dağıntılar törədilməsində, terrorçuluğun maliyyələşdirilməsində, qeyri-qanuni silahlı birləşmələr yaradılmasında və s. cinayətlərdə ittiham olunur və məhz bu ittihamlar əsasında həbs olunub:
"Bununla yanaşı, onun öz haqlarını müdafiə etməsi və bu çərçivədə bəyanatlar verməsi səbəbindən həbs olunduğu barədə Ermənistan tərəfinin iddiaları əsassız sayılıb. İşçi Qrupun rəyində qeyd olunub ki, ifadə və birləşmək azadlıqları mütləq hüquqlar deyil və onlar xüsusilə milli təhlükəsizlik və ictimai asayişlə bağlı səbəblərə görə məhdudiyyətlərə məruz qala bilər. Rəyə əsasən, R.Vardanyana qarşı ittihamların onun hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətdiyi qənaətinə gəlməyə imkan verir.