AZ

Fransanın cəfəng iddiaları bitib-tükənmək bilmir

Fransanın neokolonializm siyasətinə qarşı Azərbaycanın liderliyi ilə başlanan mübarizə Parisdə ağrılı şəkildə qəbul olunur. Bu kimi səbəblərdən ermənipərəst Prezident Emmanuel Makron və onun komandası ölkəmizə qarşı cəfəng iddialar səsləndirirlər. Hətta Azərbaycan Fransanın daxili işlərinə qarışmaqda, dənizaşırı ərazilərə müdaxilədə, müstəqillik tərəfdarlarını dəstəkləməkdə, hibrid müharibə aparmaqda günahlandırılır. Halbuki, Azərbaycan heç bir zaman müstəmləkəçilik siyasətini davam etdirən Fransanın nə daxili, nə də xarici siyasətinə qarışmayıb və qarışmaq fikri də yoxdur. Şübhəsiz, bütün bunlar Fransanın dənizaşırı ərazilərdəki uğursuz siyasətini, kolonializm keçmişini davam etdirmək səylərini ört-basdır etmək cəhdindən başqa bir şey deyil.

Amma bu, bir həqiqətdir ki, ölkəmizə qarşı aqressiv ritorikasının dozasını artıran Fransa bu gün Cənubi Qafqaz regionunda da sülh prosesinə müdaxilə etməkdə, hətta həssas bir dönəmdə Ermənistanı silahlandırmaqda davam edir. Azərbaycan Fransanın təxribatçı siyasətini dəfələrlə pisləyib, onun ikili standartlarını və suveren dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərini dəfələrlə vurğulayıb. Bundan əlavə, rəsmi Bakı sadəcə kolonializmdən əziyyət çəkən bütün xalqları beynəlxalq hüquq normaları çərçivəsində müdafiə etməklə onlara mənəvi dəstək göstərir, həm də  müstəmləkəçilərin törətdikləri  vəhşilikləri faktlar əsasında beynəlxalq aləmə çatdırır. Azərbaycanın müstəmləkəçilik əleyhinə apardığı bu uğurlu mübarizəni  isə Makron Fransası qəbul etmək istəmir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan XXI əsrdə davam edən müstəmləkəçilik və onun yeni təzahürlərindən dərin narahatlıq keçirir: ”Elə bu kimi səbəblərdən ölkəmiz beynəlxalq ictimaiyyəti belə iyrənc neokolonializm praktikasına göz yummamağa, xüsusilə Fransanın nəzarətində olan ərazilərdə məcburi assimilyasiya siyasətinə qarşı çıxmağa, bir az da dəqiqləşdirməli olsaq, neokolonializmə qarşı yeni bir mübarizəyə çağırıb”.

 Milllət vəkilinin fikrincə, Fransa bu və ya digər xalqın qanuni tələblərini dinləmək əvəzinə, uğursuz müstəmləkə siyasətini ört-basdır etmək məqsədilə hansısa absurd xarici müdaxilə mövzusunu ortaya atmaqla diqqəti əsas məsələdən yayındırmağa çalışır: “Halbuki fundamental insan hüquqları və azadlıq əldə etmək arzusu heç bir ölkənin daxili məsələsi kimi qəbul edilə bilməz və öz ölkəsini “demokratiyanın beşiyi” hesab edən Fransa rəsmiləri də bunu yaxşı anlayırlar. Amma bütün bunlara baxmayaraq, Makron komandası utanıb-qızarmadan müstəmləkəçiliyin sona çatmasını tələb edənləri, eləcə də  Bakı Təşəbbüs Qrupunu (BTQ) günahkar tərəf kimi göstərməyə cəhd edir.  Əslində isə BTQ Fransanı əməkdaşlığa dəvət edir. Yeri gəlmişkən, BTQ təkcə Yeni Kaledoniyada deyil, ondan dəstək istəyən bütün ərazilərdə dekolonizasiya prosesinə yeni nəfəs gətirib.  Hətta bu qurum Fransanın zülmündən əziyyət çəkən ölkələrdə törədilən vəhşiliklərlə əlaqədar  beynəlxalq təşkilatların rəhbərlərinə məktublar ünvanlayıb. Görünən budur ki, Makron Fransası Azərbaycanın müstəmləkəçilik əleyhinə apardığı uğurlu mübarizəni həzm edə bilmir. Odur ki, Fransanın neokolonial siyasətinə qarşı Azərbaycanın liderliyi ilə başlanan mübarizə Parisdə ağrılı bir şəkildə qəbul olunur”.

Azərbaycanın 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatındakı fəaliyyətindən söz açan  millət vəkili bildirdi ki,  ölkəmiz bu mötəbər quruma sədrliyi dövründə həm də yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizənin əsas lokomotivi rolunu öz üzərinə götürmüşdü: “Prezident İlham Əliyevin bu mövzunu nüfuzlu beynəlxalq platformalarda mütəmadi olaraq gündəmə gətirməsi, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi məsələsini irəli sürməsi müstəmləkə şəraitində yaşayan xalqlar tərəfindən yüksək qiymətləndirilir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
8
ikisahil.az

1Mənbələr