AZ

Rusiyalı deputat erməni rejissorun cəzalandırılmasını tələb edir

Yazını böyüt
Yazını kiçilt

Rusiya Dövlət Dumasının deputatı Dmitri Qusev rejissor və prodüser Sarik Andreyasyanın layihələrinin dövlət maliyyəsindən məhrum olunmasını təklif edib.

Hafta.az-ın Biznes FM-ə istinadən yazdığına görə, Qusev bu təklifi mədəniyyət naziri Olqa Lyubimovaya çatdırıb. Deputatın çıxışı ötən həftə Andreyasyanın Moskva Beynəlxalq Kino Məktəbində qalmaqallı açıqlamalarından sonra baş verib.

Rejissor tələbələr qarşısında çıxışında məşhur sovet rejissoru Andrey Tarkovskini və ümumilikdə bədii filmləri pisləyib, Tarkovski kinosunu “degenerasiya” kimi xarakterizə edib. Tələbələrlə müzakirə zamanı Andreyasyanın işlətdiyi ifadələr böyük əks-səda doğurub.

Qalmaqaldan sonra sosial şəbəkələrdə və ictimaiyyətdə kəskin tənqidlər olsa da, millət vəkili Qusev dövlətin mədəni dəyərlərinə uyğun gəlməyən baxışları olan rejissorun büdcədən dəstək almasının ziddiyyətli olduğunu deyib. Qusev bəyan edib ki, son on ildə Andreyasyanın layihələrinə ümumilikdə 590 milyon rubl (təxminən 7 milyon dollar) vəsait ayrılıb ki, bunun da 415 milyonu geri qaytarılmayan subsidiyalar, 175 milyonu isə Film Fondundan geri qaytarılan dəstək olub. Eyni zamanda, o, Andreyasyanın filmlərinin kassa performansının zəif qaldığını və kütlə arasında populyar olmadığını bildirib.

Digər tərəfdən, kinoşünas Larisa Malyukova bildirib ki, Andreyasyan və buna bənzər kommersiya rejissorları kino sənayesində möhkəm mövqelərini qoruyub saxlasalar da, onların filmləri estetik dəyər baxımından mübahisəli olub. Dövlət dəstəyinin necə və kimə veriləcəyini daha diqqətlə qiymətləndirmək lazım olduğunu vurğulayan tənqidçi bildirib ki, əsas məsələ təkcə rejissorun maliyyəsini kəsmək deyil, kino təhsilinə, dövlətin mədəniyyət siyasətinə daha geniş prizmadan yenidən baxmaqdır.

Seçilən
5
hafta.az

1Mənbələr