AZ

Ölkəmizdə hər günə 59 boşanma - günah niyə qadınlarda?

Bu gün, 09:35

Dövlət Komitəsinin şöbə müdirinin açıqlaması cəmiyyətdə geniş rezonans doğurub
“Boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın bu açıqlaması cəmiyyətdə geniş rezonans doğurub. Rəqəmin özü qədər onun doğurduğu suallar da müzakirələrin mərkəzinə çevrilib.
Taliyə İbrahimova bildirib ki, qadınların boşanma səbəbi kimi əsasən “xasiyyətlərin uyuşmamasını” göstərirlər:
“Görünür ki, bu, sadəcə bir səbəb deyil, daha dərin problemlər var. Ailə qanunvericiliyində dəyişiklikləri əks etdirən yeni qanun layihəsi hazırlanıb və yaxın günlərdə Milli Məclisə təqdim olunacaq. Qızqaçırma halları da ciddi narahatlıq doğurur. Adam oğurluğu cinayətlərinin böyük hissəsi məhz bu problemlə bağlıdır”.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb. Bu hər günə ortalama 59 boşanma deməkdir.
Beləliklə, komitənin şöbə müdirinin dedikləri birmənalı qarşılanmayıb. Tanınmış jurnalist Səbinə Əvəzqızı bununla bağlı qeyd edib: “Taliyə İbrahimova məsələnin rəqəmlər olan hissəsini düz deyir. Bəs bu qadınlar niyə təşəbbüs göstərirlər? Bununla maraqlanan oldumu? Mən deyim. Çünki kişilərdən daha cəsurdurlar. Kişilər fərqindədir ki, boşanma qərarının arxasında 100 manatlıq dövlət rüsumu dayanır. Fikirləşirlər ki, bir az da bezdirim, onsuz da "qürurundan çartlayır", özü gedib o rüsumu verəcək. Pul şirin şeydir axı. Hətta boşanma kimi ciddi qərarlarda belə, bir çoxu haqq-hesabını unutmur.
Ağlı başında olan, dünyaya nə zülmlə övlad gətirən və ya gətirmək niyyətində olan bir xanım isti ocağını, buz kimi yalnızlığa dəyişməz. 70 faiz yox, 99,9 faiz kişilər qadınları necə çilədən çıxarırsa, zərif cinsin nümayəndəsinin məhkəməyə getməkdən başqa yolları qalmır. Səbir etmək də bir yerə qədər. Amma sonra bu rəqəmlər qalır biz xanımların üzərində. Heç soruşan olmur ki, bu qadın durduğu yerdə havalandı? Əgər bir ana, bir qadın yuvasında çox xoşbəxtdirsə, onu pozmaq üçün yalnız ruhi xəstə olması lazımdır.
Əksər hallarda kişilər qadınlara boşanmaqdan bağlı heç bir yol buraxmırlar. Bütün yollar bağlananda məhkəməyə gedən cığır açıq qalır. Onun sonunda da 100 manatlıq rüsum var deyə, kişilər heç ora addım atmır. Qəlbi qırılmış qadınlar isə o pula heç bir önəm vermədən, hətta başqasından borc götürsə belə, o hakimin qapısını döyür".
Mehriban Zeynalova: "Yeni parlamentin yeniliklər və inkişafa doğru təmkinliaddımlar atacağına böyük inamım var"
 Mehriban Zeynalova 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, belə bir statistikanın səsləndirilməsi cəmiyyətdə ciddi ajiotaja səbəb olur və bu, bir çox qadınların narahatlığını artırır: “70% boşanmaların təşəbbüskarının qadınlar olması rəqəmi səsləndirilir, amma bunun arxasında duran əsas səbəblər açıqlanmır. Qadınlar nəyə görə bu addımı atır? Bu sual açıq qalır”.
Mehriban Zeynalovanın fikrincə, ailə dəyərləri barədə danışmaq adi hal alsa da, strateji və ideoloji təbliğat vasitələri, xüsusilə televiziyalar bu mövzuda ciddi proqramlar hazırlamır: "Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, məişət zorakılığının qarşısının alınması, qadın-kişi bərabərliyinin təmin olunması haqqında qanunlar var. Amma bu qanunlarda vurğulanan ideoloji xətt - yəni bərabərliyin bütün sahələrdə təmin edilməsi hələ də tam reallaşmayıb. Təəssüf ki, bu prinsiplər cəmiyyətin bütün qatlarında öz əksini tapmır".
M.Zeynalova hesab edir ki, ən vacib məqam insanlara - həm qadınlara, həm də kişilərə öz həyatlarını, xüsusilə ailə həyatlarını düzgün idarə edə bilmək üçün lazımi bilik və bacarıqların öyrədilməməsidir: “İctimai idarəçilik və nəzarət dövründə formalaşmış ailə dəyərləri barədə danışırıq, amma etiraf edək ki, həmin dəyərlərin daşıyıcıları günü-gündən azalır. Keçmişlə yaşamaq və ya keçmişi bu günə daşımaq istəyiriksə, iki yolumuz var: ya qəbul etdiyimiz qanunlardan imtina etməliyik, ya da gələcək üçün zərgər dəqiqliyi ilə yeni, ciddi bir ideoloji sənəd hazırlamalıyıq. Bu sənəd bərabərlik prinsipini, ailə dəyərlərini və ənənələrin ən sağlam normalarını özündə əks etdirməlidir”.
Sevinc Fədai xəbər saytına Baş redaktor təyin edilib - AzPost.info
Sevinc Fədai
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai isə “Yeni Müsavat”a açıqlamasında deyib ki, mövzu çox həssas və mürəkkəbdir və bir çox sosial, iqtisadi və mədəni amilləri özündə birləşdirir: “Boşanma hallarının artması, xüsusən də qadınların bu prosesin təşəbbüskarı olmaları cəmiyyətimizdə bir çox dərin struktural problemlərin əksidir. Boşanma qərarları çox zaman sadəcə "xasiyyətlərin uyuşmaması" ilə bağlı deyil, daha mürəkkəb səbəblərlə əlaqədardır.
Qadınların boşanma səbəbi olaraq göstərilən “xasiyyətlərin uyuşmaması” yalnız ilk baxışda sadə bir açıqlama kimi görünə bilər, amma bu, əslində münasibətlərdəki dərin emosional və psixoloji məsələlərin təzahürüdür. Qadınlar bəzən öz həyatını dəyişdirmək və ya daha sağlam, güvənli və qarşılıqlı hörmətə əsaslanan bir münasibət qurmaq üçün boşanmağa qərar verirlər. Sosial və iqtisadi şərtlər də burada böyük rol oynayır. Qadınların təhsil səviyyəsinin artması, onların iqtisadi müstəqilliklərini qazanması və sosial mövqelərindəki inkişaf, boşanma qərarlarını daha müstəqil şəkildə vermələrinə imkan tanıyır.
Lakin onu da qeyd etmək istəyirəm ki, qadının karyera qurması və maddi müstəqilliyi, heç də boşanmağa əsas verməməlidir. Ailə içindəki məsələlər və münasibətlər, yalnız iqtisadi amillərdən deyil, qarşılıqlı hörmət, sevgi və anlaşmadan da asılıdır. Qadının maddi gücü və karyera inkişafı, onu boşanmağa yönəldən bir faktor olmamalıdır. Mən qadınların öz karyeralarını qurmasını dəstəkləyirəm, amma bu, boşanma qərarlarını təşviq edən və ya qızlar üçün “maddi imkan varsa, ailə qurmaq lazım deyil” kimi qənaətlərə yol açan bir təbliğatı da doğru saymıram. Belə bir yanaşma cəmiyyətdə ailə strukturlarının zəifləməsinə və sosial sabitliyin pozulmasına səbəb ola bilər. Cəmiyyətin inkişafı üçün ailə münasibətlərinin əsaslı və sağlam şəkildə qurulması daha önəmlidir. Boşanmanın alimentə görə olması məsələsi də ayrı bir aspektdir. Mən bunu doğru yanaşma hesab etmirəm və cəmiyyətdə daha çox ziddiyyət, qadın-kişi qarşıdurma yaradacağını düşünürəm. Çox arzu edərdim ki, dövlət qurumlarının, mütəxəssislərin çağırışları daha çox sülh yaradan və həll yolunu təmin edən fikirlər əsasında olsun. Əslində bu, bir tərəfdən, qadınların iqtisadi asılılığını göstərir, digər tərəfdən isə ailə daxilindəki münasibətlərin qeyri-bərabərliyini. Bu cür yanaşmalar, bəzən mövcud olan cəmiyyətdəki gender bərabərsizliyinin və qadınların hüquqlarının tam şəkildə qorunmaması ilə əlaqəli ola bilər. Həmçinin qızqaçırma və adam oğurluğu məsələlərinin artması cəmiyyətin dərin struktural problemlərini və qadınların hüquqlarının kifayət qədər təmin olunmamasını göstərir. Qadınların istismar və zorakılıqla üzləşməsi, bəzən ailə münaqişələrini daha da dərinləşdirir və nəticədə boşanma halları artmış olur.
Cəmiyyət olaraq, boşanma halları ilə bağlı daha dərin və əhatəli bir müzakirəyə ehtiyacımız var. Qadınların hüquqlarını qorumaq, onları istismar və zorakılıqdan qorumaq və onların daha müstəqil həyat sürmələri üçün hüquqi və sosial dəstək sistemlərinin gücləndirilməsi vacibdir. Bununla yanaşı, cəmiyyətin və ailələrin daha sağlam münasibətlər qurması üçün təhsil və maarifləndirmə proqramlarının da genişləndirilməsi önəmlidir. Nəticə etibarilə, boşanma məsələsi təkcə bir ailənin və ya şəxsin problemi deyil, cəmiyyətin ümumi inkişafı ilə əlaqəli bir məsələdir. Boşanma qərarını verən qadınlar çox vaxt öz şəxsi rifahlarını qorumaq, bərabərlik və insan hüquqları baxımından daha yaxşı bir həyat qurmaq üçün bu addımı atırlar. Onların bu qərarını anlamaq və dəstəkləmək, yalnız onların deyil, bütün cəmiyyətin faydasına olacaq".

Seçilən
2
Reportyor.tv

1Mənbələr