AZ

Yalançı Paşinyanla gerçək sülh MÜMKÜN DEYİL

Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddətdir ki, müxtəlif siyasi manipulyasiyalarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bu dəfə hədəf Türkiyə ictimaiyyəti olub. Türkiyə mediasına müsahibə verən Paşinyan həm Azərbaycanla bağlı iddialar irəli sürüb, həm də guya Türkiyə xalqına xoş görünməyə çalışıb.

O, müsahibədə Bakıda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsinə “etiraz” edib, Qərbi Azərbaycanlıların doğma yurduna qayıdışına, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxıb. Paşinyan guya "erməni soyqırımı" məsələsinin Ermənistanın xarici siyasət prioriteti olmadığını iddia edib.

Lakin bu, gerçəklikdən uzaq və saxta bir ritorikadan başqa bir şey deyil. Paşinyan, əslində, bu cür çıxışları ilə özünü sülh tərəfdarı kimi göstərməyə çalışsa da, atdığı addımlar tamamilə bunun əksini sübut edir. O, hiyləgər siyasəti ilə beynəlxalq aləmdə yeni bir imic formalaşdırmağa cəhd edir.

Bəli, həqiqətən Paşinyan əvvəlki erməni liderlərdən fərqli olaraq hiyləgərdir, daha məkrli və daha planlı bir siyasət yürütməyə cəhd edir. Köçəryan, Sarkisyan açıq şəkildə radikal mövqe sərgilədiyi halda Paşinyan qondarma "soyqırım" məsələsində yumşalmış kimi görünərək Türkiyə ictimaiyyətində özünə qarşı müsbət fikir formalaşdırmağa çalışır.

Amma onun bu siyasəti yalnız zahiri görüntüdən ibarətdir, çünki reallıqda Ermənistanın əsassız iddialarından geri çəkildiyinə dair heç bir addım atılmayıb. Türkiyə ictimaiyyəti bu hiyləyə aldanmamalı, Paşinyanın əsl niyyətini görməlidir.

Görünür, bu dəfə Ermənistan Baş naziri beynəlxalq ictimaiyyəti aldatmaq üçün Türkiyə mediasından istifadə etməyə çalışır. O, sülhə hazır olduğunu iddia edən açıqlamalar verib, bu cür bəyanatlar, xüsusilə Qərb ölkələrində Ermənistanın guya mülayim bir siyasət apardığına dair yanlış fikir formalaşdırır. Halbuki, eyni Paşinyan digər çıxışlarında erməni radikal dairələrinə mesajlar göndərir və əsl niyyətinin nədən ibarət olduğunu ortaya qoyur. Bu ikili oyun, dünya ictimaiyyətini və xüsusilə Türkiyə cəmiyyətini manipulyasiya etməyə hesablanmış bir taktika olmaqla yanaşı, regiondakı sülh prosesinə ciddi təhlükə yaradır.

Ötən gün Bakı və İrəvan arasında sülh sazişinin maddələrinin razılaşdırıldığı açıqlanıb. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bird aha bəyan etdi ki, Ermənistan konstitusiyasını dəyişməsə sülh sazişi imzalanmayacaq.

Paşinyan hələ də sülh prosesinə mane olmaq üçün müxtəlif bəhanələr uydurur. Bir tərəfdən sülh istədiyini deyir, digər tərəfdən isə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, Konstitusiyanı dəyişməkdən imtina edir. Əgər Paşinyan həqiqətən də sülhə hazır olsaydı, onda real addımlar atmalı idi – Ermənistanın konstitusiyasındakı düşmənçilik ritorikasını dəyişməli, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalı və bölgədə sabitliyə töhfə verməli idi. Çünki bu konstitusiyada hələ də Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları mövcuddur. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh sazişi Paşinyanla deyil, Ermənistan xalqı ilə imzalamaq istəyir.

Azərbaycan xalqı artıq on illərdir ki, Ermənistanın ikiüzlü siyasətini çox yaxşı tanıyır və Paşinyanın bu cür hiylələrinə aldanmır. Azərbaycan xalqı çox gözəl anlayır ki, Paşinyan hər dəfə sülh haqqında danışsa da, bu yalnız söz səviyyəsində qalır. Siplomatik masada və beynəlxalq arenada Ermənistanın atdığı addımlar tamamilə başqa bir mənzərə yaradır. Azərbaycan dövləti və xalqı, sülhün yalnız real addımlarla mümkün olduğunu və Paşinyanın boş sözlərindən ibarət sülh modelinin keçərli olmayacağını çox yaxşı bilir.

Ona görə də, Türkiyə cəmiyyəti Paşinyanın sözlərinə və saxta vədlərinə inanmamalıdır. Onun məqsədi sadəcə olaraq vaxt qazanmaq, beynəlxalq arenada özünü fərqli göstərmək və qədim erməni siyasətini davam etdirməkdir. Türk ekspertləri Paşinyanın yalanlarını ifşa etmək və onun ikili oyunlarını dünya ictimaiyyətinə çatdırmalıdır.

Nəticə etibarilə, Paşinyan səmimi deyil! Onun sülh çağırışları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Lakin nə Türkiyə, nə də Azərbaycan cəmiyyəti onun bu oyununa aldanacaq! Ermənistandan real sülh addımları gözlənilir və əgər bu addımlar atılmasa, sülh sadəcə gecikəcək və bundan zərəri ancaq Ermənistan görəcək.

Modern Təhlil və Araşdırma Qrupu

Seçilən
6
modern.az

1Mənbələr