Rusiyanın Ukraynada mümkün 30 günlük atəşkəsə reaksiyası gözlənilsə də, Qərb ekspertləri prosesin qeyri-müəyyənliyini və mümkün nəticələrini qeyd edirlər.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, ABŞ-ın Kiyevə hərbi yardımı bərpa etməsi və kəşfiyyat məlumatlarının mübadiləsinə başlaması Moskvanın reaksiyasını formalaşdıracaq kritik amillər kimi qiymətləndirilir.
Uesli Klark, istefada olan ABŞ generalı, NATO-nun keçmiş Ali Baş Komandanı:
"Putin indi atəşkəsi qəbul edə bilər, amma sonra döyüşü davam etdirəcək. Ukraynanı təxribatda ittihamlamaq hər zaman mümkündür. Atəşkəsə həqiqətən kim nəzarət edəcək? Yaxud o, "hə" deyə bilər, amma masaya son dərəcə sərt şərtlər qoya bilər. Məsələn, Ukraynanın başqa regionlardan tam çıxarılmasını tələb edə bilər".
Metyu Savill, Kral Birləşmiş Müdafiə Araşdırma İnstitutunun (RUSI) Hərbi Tədqiqatlar şöbəsinin rəhbəri:
"Ukrayna ABŞ-la münasibətlərini stabilləşdirə bilib. Lakin onların pərdə arxasında hansı güzəştlərə getdiyi bəlli deyil. Biz Rusiyanın atəşkəsə hansı şərtləri gətirəcəyini bilmirik. Əslində bu, real danışıqlara başlamazdan əvvəl keçirilən ilkin görüşdür. Atəşkəs Ukrayna üçün böyük üstünlük olacaq, xüsusən də ABŞ-ın hərbi dəstəyini geri qaytarması baxımından.
Rafael Behr, “The Guardian”ın köşə yazarı, keçmiş Rusiya və Baltikyanı müxbir:
"Bu razılaşmanın əsasında, açıq şəkildə ifadə edilməsə də, bölünmə ideyası dayanır. Vaşinqton Ukraynanın mineral ehtiyatlarına çıxışı təmin edir. Moskva isə Ukrayna ərazisinin böyük bir hissəsini özündə saxlayır. Rusiya və ABŞ qanunun aliliyi və insan haqları ilə bağlı köhnə mübahisələrə girmədən diplomatik və ticarət əlaqələrini bərpa edirlər.
Valter Kemp, Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin baş məsləhətçisi:
"Daimi atəşkəs üçün tərəflər bir sıra texniki detalları dəqiqləşdirməli olacaqlar. Bununla belə, hətta müvəqqəti atəşkəs belə danışıqlara qapı aça və yekun sülh prosesinə zəmin yarada bilər. İndiki vəziyyətdə gərginliyin tədricən azaldılması prosesi tam atəşkəsdən daha real görünür. Danışıqlar da elə bir şəraitdə aparıla bilər ki, tam atəşkəs olsun.
Qərb ekspertlərinin şərhləri göstərir ki, Ukrayna və ABŞ-ın elan etdiyi 30 günlük atəşkəs planı Moskvanın cavabı ilə formalaşacaq. Rusiyanın hansı şərtləri masaya qoyacağı hələ də qeyri-müəyyən olsa da, Qərb tərəfində hakim olan fikir ondan ibarətdir ki, prosesi təkcə diplomatiya deyil, həm də hərbi reallıqlar formalaşdıracaq.