Qədim tarixə malik olan makedoniyalılar müxtəlif imperiyaların tərkibində yaşasalar da, milli düşüncələrini itirməyərək, 1990-ci illərdə dünyada baş verən geosiyasi dəyişiklərdən istifadə edərək müstəqilliklərini qazandılar.
Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoymuşlar.
Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.
Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir.
Təsadüfi deyil ki, bu dövlətlərin başçıları Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edirlər. Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə olduğu üçün Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətindədir. Bu baxımdan 2023-cü ildə Prezident cənab İlham Əliyevin Bosniya və Herseqovinaya, həmin ilin dekabrında Serbiyaya rəsmi səfərləri, cari ilin yanvarında Davos İqtisadi Forumunda Xorvatiyanın Baş naziri ilə görüşü qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük əsaslar yaradıb.
Azərbaycan digər Balkan dövlətləri kimi Şimali Makedoniya ilə münasibətlərin inkişafına ciddi önəm verir. Eyni zamanda ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir.
Bütün bunlar Azərbaycanı Balkan yarımadası dövlətləri üçün etibarlı tərəfdaşa çevirib.
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov.