“Sabah”ıın qapıçısı Stas Pokatilov və yarımmüdafiəçisi Vensan Till öz ölkələrinin milli komandalarına dəvət alıblar.
Arena.az xəbər verir ki, Pokatilov Qazaxıstan, Till isə Lüksemburq millisinə dəvət olunub.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Qazaxıstan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə martın 22-də Uels, martın 25-də Lixtenşteynlə qarşılaşacaq. Lüksemburq yığma komandası isə martın 22-də İsveç, martın 25-də isə İsveçrə millisi ilə yoxlama oyunu keçirəcək.
“Sabah” Stas Pokatilovu bu ilin yanvarında heyətinə qatıb. Son olaraq Qazaxıstanın “Tobol” klubunun formasını geyinmiş Pokatilov “Sabah”a azad agent kimi qoşulub. Tərəflər hələlik mövsümün sonuna kimi anlaşıblar. Amma paytaxt klubu qazax qolkiperin çıxışından razı qalsa, yayda onunla yeni müqavilə imzalanacaq.
Stas Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. O, “Sabah”da 7 oyuna çıxıb, 5 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.
2015-ci ilin mart ayından Qazaxıstan millisinin üzvü olan Pokatilov yığmada 28 oyun keçirib. O, bu görüşlərdə 54 qol buraxıb, 8 matçdan “quru” çıxıb.
Pokatilov “Tobol”la Qazaxıstan Super Kubokunu (2023/2024) qazanıb, “Kayrat”la Qazaxıstan çempionu (2019/2020) çempionu olub. Stasın ən çox qalibi olduğu turnir isə Qazaxıstan Kubokudur. O, Karaqanda “Şaxtyor”u ilə bir (2012/2013), “Kayrat”la üç dəfə (2016/2017, 2017/2018, 2020/2021) dəfə ölkə kubokuna sahib çıxıb.
Vensan Till isə 2023-cü ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, paytaxt təmsilçisində 30 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Tilin Azərbaycan klubu ilə müqaviləsi cari mövsümün sonuna qədərdir.
Till 2016-cı ildə debüt etdiyi Lüksemburq yığmasında 53 oyun keçirib, 3 qola imza atıb, 7 məhsuldar ötürmə verib. O, karyerası ərzində “Po”, AİK (Solna), “Orleans”, “Nasional”, “Örebro”, “Mets”, “Vorskla” kimi klubların da formasını geyinib.