“Onların silahlanması – bu, nəyi göstərir? Bu göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir:
“Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür”.