Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini əlaqə kanalları vasitəsilə çatdırıb.
Məlumatı Ermənistan XİN də təsdiq edib. İrəvan sülh sazişinin imzalanması üçün tarix və məkanı müzakirə etməyə hazır olduğunu bəyan edib.
Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb.
Rəsmi Bakı sazişin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsinin labüd olduğunu bildirib.
Modern.az xəbər verir ki, bir çox xarici dövlət rəsmləri sülh sazişi ilə bağlı açıqlamara reaksiya verməyə davam edir.
Almaniyanın xarici işlər naziri Annalenna Berbok bəyan edib ki, Berlin Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını alqışlayır. “Sülh sazişi ilə bağlı əldə edilən razılaşma ümidvericidir”, – deyə Berbok qeyd edib.
İran da sülh sazişi üzrə əldə olunan anlaşmanı təqdir edir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai danışıb. O, İranın Ermənistan və Azərbaycan arasında sülh sazişinin müddəalarının razılaşdırılmasını təqdir etdiyini bildirib. Nazirlik rəsmisi bu addımı Cənubi Qafqazda uzunmüddətli sabitliyin və sülhün bərqərar olması yolunda mühüm addım kimi dəyərləndirib. "Ümid edirik ki, tərəflər fikir ayrılıqlarını dialoq və diplomatiya yolu ilə həll edərək tezliklə sülh sazişini imzalayacaq və bunun nəticəsində regionda davamlı sülh və sabitlik təmin olunacaq", – Bəqai vurğulayıb.
Braziliya Xarici İşlər Nazirliyi: “Braziliya hökuməti Ermənistan və Azərbaycan hökumətlərinin ölkələr arasında sülhü bərpa edəcək və ikitərəfli münasibətləri normallaşdıracaq saziş üzrə danışıqları başa çatdırdıqlarını elan etməsini alqışlayıb. Braziliya tərəfləri davamlı və dayanıqlı sülhə aparan yol kimi diplomatiya və dialoqa üstünlük verməyə davam etməyə çağırır və bu prosesin mümkün qədər tez başa çatacağına ümid etdiyini bildirir”.
İspaniya Xarici İşlər Nazirliyi: “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında əldə olunmuş razılaşma xəbərini İspaniya məmnuniyyətlə qarşılayır və ümid edir ki, bu bəyanat hər iki ölkə arasında yekun sazişin bağlanmasına gətirib çıxaracaq”.
YENİLƏNİR...