Sülh müqaviləsi imzalandıqdan sonra müşahidəçilər Ermənistan - Azərbaycan sərhədini tərk edəcək, beynəlxalq instansiyalarda bir-birlərinə qarşı qaldırılan iddialar geri götürüləcək. Bu, Bakının aylardır razılaşdırılmasını tələb etdiyi məqamlar idi.
Ermənistan Azərbaycana Avropa İttifaqı (Aİ) müşahidəçilərini yalnız demarkasiya olunmuş hissələrdən və yalnız Ermənistan - Azərbaycan sərhədi tam demarkasiya edildikdən sonra çıxarmağı təklif etsə də, hazırda bu mövqeyindən geri çəkilib. Baş nazir Nikol Paşinyan yerli mətbuata açıqlamasında qeyd edib ki, saziş qüvvəyə mindikdən sonra tərəflər öz ümumi sərhədlərində üçüncü ölkə qüvvələrini yerləşdirməmək barədə razılığa gəliblər.
Nikol Paşinyan, İrəvanın müşahidəçilərlə bağlı mövqeyini niyə dəyişdiyini soruşulduqda, belə cavab verib: “Biz əvvəllər bildirdiyimiz mövqeyimizi mahiyyətcə dəyişməmişik, yəni mətnin təhlili nəticəsində qavrayışımızı dəyişmişik”. Baş nazir həmçinin sülh sazişinin imzalanmasının vaxtı və yeri ilə bağlı müzakirələrə başlamağa hazır olduqlarını vurğulayıb.
"Həmin mətndə ictimaiyyətimizdən gizli heç bir sirr yoxdur və əslində, mətn ayrı-ayrı hissələr şəklində dərc olunub. Düşünürəm ki, ictimaiyyətin məzmunla tanış olmadığını demək olmaz", - Baş nazir bildirib.
"Anladığım qədər, Azərbaycan Xarici İşlər Nazirliyi ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduğu barədə bəyanat verib. Onların öz ideyaları var, bizim də öz fikirlərimiz var. Ehtimal olunur ki, bu müzakirələr zamanı biz ideyalarımızı yaxınlaşdırmağa çalışacağıq", - Paşinyan qeyd edib.
Ermənistanın razılaşdığı iki məqamla bağlı sualı cavablandıran Nikol Paşinyan, deyib: “Müddəalar sülh sazişinin qüvvəyə minməsindən sonrakı dövrə aiddir, baxmayaraq ki, ümumi məntiq ondan ibarətdir ki, biz indi bu məsələlərin bəzi nüansları ilə bağlı müzakirə aparmalıyıq”.
"İki maddədən biri sərhəddə üçüncü dövlətlərin qüvvələrinin yerləşdirilməməsi, digəri isə beynəlxalq instansiyalardan qarşılıqlı olaraq iddiaların geri götürülməsi və bir-birinə qarşı tədbir görülməməsi ilə bağlı idi. Bu müddəalar az da olsa, təkamülə uğrayıb. Məlum olduğu kimi ki, biz parlamentdə bu istiqamətdə ideal formada fikir mübadiləsi apara bilməyəcəyik. Bəli, bu şəraitdə Ermənistan Respublikası üçün məqbuldur”, - Paşinyan bildirib.
Baş nazir Azərbaycan tərəfinin hansı güzəştə getdiyini soruşduqda, belə cavab verib: "İndiki mərhələdə birtərəfli ifadələr və bəyanatlar verməməyimiz çox vacibdir. Əgər razılıq əldə olunubsa, bu o deməkdir ki, Azərbaycan tərəfi bu mətnin müəyyən mənada onun üçün faydalı olduğunu düşünüb və Ermənistan Respublikası da bunun onun üçün faydalı olduğunu qərara alıb. Bu, bizim açıq şəkildə danışdığımız kompromislərdir. Bəli, hesab edirik ki, bu razılaşma hələ sülh demək deyil".
Paşinyan vurğulayıb ki, sülh sazişində birtərəfli müddəa yoxdur. “Sülh müqaviləsində Ermənistan Respublikasına aid olan və Azərbaycana aid olmayan heç bir müddəa yoxdur”.
“Ermənistan tərəfinin Bakı ilə Konstitusiyaya dəyişikliklə bağlı hər hansı müzakirəsinin olub-olmaması ilə bağlı suala Baş nazir belə cavab verib: - “Xeyr, bununla bağlı heç bir müzakirə yoxdur”.
"Biz hesab edirik ki, xüsusilə ötən il Konstitusiya Məhkəməsinin qərarından sonra Ermənistan Respublikası Konstitusiyasında nə Azərbaycana, nə də başqa bir ölkəyə qarşı ərazi iddiaları olmadığı açıq-aydın görünür”, - o qeyd edib.
Rasim Əliyev
“AzPolitika.info”