Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Tramp və hökumətin effektivliyinə cavabdeh olan İlon Maskın bürokratiyanı azaltmaq cəhdləri çərçivəsində 19 dövlət qurumunda çalışan minlərlə insan işdən çıxarılmışdı.
Baltimor məhkəməsinin hakimi bildirib ki, işçiləri kütləvi şəkildə ixtisar edən 18 qurum qanunu pozub. Bu qərar Ətraf Mühitin Mühafizəsi Departamenti, Maliyyə İstehlakçı Hüquqlarının Müdafiəsi Bürosu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Kənd Təsərrüfatı, Ticarət, Təhsil, Energetika, Səhiyyə, Daxili Təhlükəsizlik, Əmək və Nəqliyyat departamentləri də daxil olmaqla bir sıra dövlət strukturlarına aiddir.
San-Fransiskodakı federal məhkəmə də Müdafiə Nazirliyi də daxil olmaqla altı departamentdəki sınaq müddətində olan işçilərin bərpası barədə oxşar qərar verib.
Ağ Ev sözçüsü Kerolayn Levitt isə bildirib ki, Tramp administrasiyası bu qərara qarşı mübarizə aparacaq.
Qeyd edək ki, Tramp və Mask federal işçi qüvvəsinin sayını azaltmaq niyyətindədir. Tramp prezident vəzifəsinə başladığı zaman bu rəqəm 2,3 milyon nəfər təşkil edirdi. İlk ixtisar dalğası əsasən sınaq müddətində olan işçiləri əhatə edib. Demokratlar tərəfindən idarə olunan ştatlar isə bu qərara etiraz edərək məhkəməyə müraciət ediblər. Belə ki, Trampın qərarından sonra həmin ştatlarda 24 000 nəfər işdən azad edilib.
Zeynəb Mustafazadə