AZ

Azərbaycan təhlükəsizlik orqanları milli maraqların keşiyində- AZƏRBAYCAN TƏHLÜKƏSİZLİK ORQANLARI – 106

"Nizam-intizam təhlükəsizlik orqanlarının işinin əsasını təşkil edən amillərdən biridir. Hərbi qulluq birinci növbədə nizam-intizam üzərində qurulur. Təhlükəsizlik orqanlarında işləyən sıravi adam da, zabit də, rəhbər işçi də bilməlidir ki, nizamnamə, konstitusiya sizin üçün rəhbər və istiqamətverici sənəddir".

Heydər ƏLİYEV 

"Sizin peşə uğurlarınız çox vaxt ictimai diqqətdən kənarda qalır. Çünki sizin fəaliyyətiniz spesifikdir. Son illərdə ölkələrimizin təhlükəsizlik orqanlarının qazandığı uğurlar bəzən məlum olmur. Lakin vətəndaşlar bir şeyi bilirlər ki, təhlükəsizlik orqanları öz işini hər gün yerinə yetirir, istirahət günləri olmadan qanunun və təhlükəsizliyin keşiyində dayanırlar". 

İlham ƏLİYEV 

Müstəqil dövlətimizin formalaşmasında, milli maraqlarının qorunmasında mühüm rol oynayan təhlükəsizlik orqanlarımızın keçdiyi çətin, eyni zamanda, şərəfli və fədakar yola nəzər saldıqda görərik ki, bu yol o qədər də hamar olmamışdır. Bu il çətin və keşmə-keşli bir həyat yolu keçmiş Azərbaycan təhlükəsizlik orqanları özünün xüsusi tarixini 106 illyini qeyd edir. 
1918-ci il mayın 28-də ilk dəfə olaraq müsəlman şərqinə parlamentli respublika ifadəsini gətirən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən addımlar atdı. Yeni respublikanın böyük xidmətlərindən biri də ilk milli xüsusi xidmət orqanlarımızın yaradılmasını dövlət quruculuğunun mühüm vəzifəsi kimi qarşıya qoyması idi.
İlk xüsusi xidmət orqanlarımız 28 mart 1919-cu ildə hərbi nazir general-leytenant Səməd bəy Mehmandarov və Baş Qərargahın rəisi Məmməd bəy Sulkeviçin 157 saylı əmri ilə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi kimi yaradıldı və sonralar, məhz, 28 mart - Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamı ilə Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı günü elan edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən 1919-cu il iyun ayının 9-da yaradılmış Dövlət Müdafiə Komitəsi elə həmin ayın 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı - Əksinqilabla Mübarizə Təşkilatının yaradılması barədə qərar qəbul etdi. 1920-ci ilin 6 mart tarixindən isə bu təşkilatın səlahiyyətlərini Bakı general qubernatorluğunun tərkibindəki İnformasiya şöbəsi həyata keçirməyə başladı.
1920-ci ilin 28 aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı və bununla da müsəlman Şərqində ilk demokratik respublika qurmağa nail olan hökumətin digər dövlət strukturları ilə yanaşı, milli xüsusi xidmət orqanlarımız da fəaliyyətini dayandırmağa məcbur oldu. Azərbaycan təhlükəsizlik orqanlarının bir il sürən səmərəli fəaliyyəti, milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirmək səyləri yarımçıq qaldı. Bu orqanlarda fəaliyyət göstərən əməkdaşlar repressiyalara məruz qalaraq çoxu güllələndi, bir qismi isə mühacir həyatı yaşamağa məcbur oldular. 
Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış olduğu milli müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. 
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda mübarizə aparan ilk təhlükəsizlik orqanlarımızın fəaliyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev bildirmişdir: "Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir".  
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra respublikanın digər dövlət strukturları kimi, təhlükəsizlik sisteminin də fəaliyyəti sovet ideologiyasının tələblərinə uyğun formalaşdırıldı. Azərbaycan Fövqəladə Komissiyası, bir qədər sonra isə Azərbaycan Dövlət Siyasi İdarəsi və Xalq Daxili İşlər Komissarlığı 1920-1950-ci illərdə xalqımızın on minlərlə görkəmli nümayəndəsini fiziki və mənəvi terrora məruz qoydu. O zamanlar təhlükəsizlik xidmətinin rəhbər işçiləri, əsasən başqa millətin nümayəndələrindən təyin edilir, azərbaycanlılara etibar olunmurdu. 
XX əsrin ortalarından etibarən respublika təhlükəsizlik orqanının milliləşdirilməsi, həmçinin Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin millətçi damğası ilə təqib olunmalarından qorunması, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində işə başlanıldı. Azərbaycanın gələcək müstəqilliyinə və respublikanın təhlükəsizlik orqanlarının kadr potensialının həllinə hesablanmış həmin proses ömrünün 25 ilini bu orqanlarda xidmətə həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Sıravi əməkdaşdan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə və general rütbəsinə yüksələn Heydər Əliyevin xalqımızın milli genofondunu, milli-mədəni irsini xilas edərək, qoruyub saxlaması onun xalq və Vətən qarşısında misilsiz xidmətlərindən biri idi. Ulu Öndər Heydər Əliyev deyirdi: "DTK-da işləyərkən çox şey görmüşdüm. Moskvanın təktərəfli türk millətlərini əsarətdə saxlamaq siyasəti olduğunun ilk gündən şahidi oldum. Daxilən buna qarşı üsyan etsəm də, həyatda buna imkan yox idi. Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Moskvaya qarşı çıxmağım, toqquşmağım mümkün deyildi. Yavaş-yavaş mən də xalqımın, doğma millətimin milli hisslərini, milli şüurunu oyatmağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türklüyünün milli oyanışını, silkələnməyini reallaşdırmaq arzusunda idim. Bu işləri Moskvaya hiss etdirmədən, onu narahat etmədən, onu ayıq və oyaq salmadan görmək istəyirdim". 
Azərbaycan təhlükəsizlik sistemində əsaslı dönüşün yarandığı bu dövrdən xüsusi xidmət orqanları milli kadrlar hesabına formalaşmağa və möhkəmlənməyə başladı. Həmin vaxtadək isə burada çalışan əməkdaşların 80-90 faizini başqa millətlərin nümayəndələri təşkil edirdi. Ulu Öndər deyirdi: "...O illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır".
Ümummilli Lider Heydər Əliyev xalqına zorakılıq edənlərə qarşı çıxan təhlükəsizlik orqanlarının əməkdaşlarının taleyi ilə də maraqlanmış və çalışmışdı ki, onlar arasında öz xalqına, millətinə xəyanət etməyən şəxslər də bəraət alsınlar. Qısa bir müddət sovet Azərbaycanının xüsusi xidmət orqanlarına rəhbərlik etmiş Novruz Rizayev də belələrindən idi. Azərbaycanda ilk dəfə olaraq Stalin səviyyəsində repressiv aksiyalara öz etirazını bildirən Novruz Rizayevin bu cəsarətli addımı iki dəfə həbsi və 1941-ci ildə məhvi ilə nəticələndi. Dahi rəhbər Heydər Əliyev çıxışlarından birində deyirdi: "Mənim xatirəmdədir ki, 1956-cı ildə Mircəfər Bağırovun qrupunun məhkəməsi zamanı Novruz Rizayevin istintaq işinin içindən onun Stalinə göndərdiyi bir məktub çıxmışdı. Bu, çox məşhur məktubdur - o, çox cəsarətli, çox əqidəli bir insan kimi o məktubda 1937-38-ci illərdəki kütləvi repressiyalara qarşı etirazını, açıq-aydın bildiribdir. Xatirəmdədir, mən Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən biz Novruz Rizayevin adını əbədiləşdirdik. Mən onun fəaliyyəti, tərcümeyi-halı ilə tanış oldum. Çox dəyərli bir insan olmuşdur və xalqına çox sədaqətli xidmət etmişdir". 
Ümummilli Lider Heydər Əliyev, həmçinin İkinci Dünya müharibəsi ilə bağlı hərbi əsir və legionerlərin də taleyi ilə də maraqlanmış və çalışmışdır ki, onlar arasında öz xalqına, millətinə xəyanət etməyən şəxslər də bəraət alsınlar. Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi və onun Bakı şəhərində möhtəşəm abidəsinin ucaldılması dahi öndərimiz Heydər Əliyevin fədakarlığı nəticəsində mümkün olmuşdur. 
Ulu Öndər Heydər Əliyevin təhlükəsizliyin keşiyində dayanan xüsusi xidmət orqanlarının əməkdaşlarının qarşısında qoyduğu ən ümdə tövsiyələrdən biri də xalqın əsrlər boyu yaratdığı və yaşatdığı sərvətlərə sədaqətlə yanaşmaq, onun milli maraqlarını qorumaq idi. Ümummilli Lider qeyd edirdi: "Mәn bu gün böyük iftixar hissi ilә deyә bilәrәm ki, dövlәt tәhlükәsizliyi orqanlarında rәhbәr vәzifәlәrdә işlәdiyim zaman, bu orqanın başçısı olduğum zaman vә ondan sonra Azәrbaycan Respublikasının başçısı olduğum zaman Azәrbaycan xalqının milli mәnafeyinә әks olan heç bir addım atılmamışdır. Amma nә qәdәr belә tәkliflәr, belә tәzyiqlәr var idi". 
Heydər Əliyev şəxsiyyətinə ehtiyac Azərbaycan ikinci dəfə müstəqil dövlət kimi özünü elan etdikdən sonra daha aydın hiss olundu. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışı təhlükəsizlik orqanlarının fəaliyyətində dönüş mərhələsi oldu. 
Bütövlükdə ölkənin təhlükəsizliyinə etibarlı zəmin yaradıldı. Onun həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində destruktiv qüvvələrin qanunsuz fəaliyyətlərinin, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Müasir Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyəti beynəlxalq standartlara uyğun və dövlətimizin təhlükəsizliyinin qorunması tələblərinə cavab verə biləcək səviyyədə quruldu. 
Ümummilli Liderin təhlükəsizlik orqanlarına göstərdiyi diqqət və qayğı bu gün daim irs-varislik ənənələrinə xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 14 dekabr 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq, idarəçilik strukturunu təkmilləşdirmək məqsədilə Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin yaradılması müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində yeni mərhələnin başlanğıcı, o cümlədən təhlükəsizliyin təmin olunmasına, qarşıya qoyulmuş vəzifələrin peşəkarlıqla yerinə yetirilməsi baxımından xüsusi xidmətin yeni tələblər səviyəsində təşkilinə yönəlmiş müdrik bir addım idi. 
Hazırda peşəkar, güclü bir struktur kimi formalaşan Dövlət Təhlükəsizliyi Xidmətinin ölkəmizin əleyhinə yönələn kəşfiyyat-pozuculuq, terror-təxribat fəaliyyətinə, transmilli cinayətkarlığın müxtəlif növlərinə və digər qanunazidd əməllərə qarşı apardığı qətiyyətli mübarizə və əldə etdiyi uğurlu nəticələr bu quruma xalq arasında yüksək etimad və etibar qazandırmışdır. 
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli sərkərdəliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın düşməndən azad edilərək xalqımızın və dövlətimizin yeni parlaq, şərəfli tarixinin yazılmasında Azərbaycan təhlükəsizlik orqanlarının da xüsusi yeri və rolu oldu. Bu haqq savaşında canlarını fəda etmiş bütün şəhidlərimiz xalqımız tərəfindən heç vaxt unudulmayacaq!
Ulu Öndər Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq məktəbinin ənənələrini ləyaqətlə və uğurla davam etdirən, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin inkişafı, qüdrətlənməsi naminə dövlətinə və xalqına əzmlə xidmət göstərən, bu istiqamətdə yüksək nailiyyətlər və xidməti uğurlar qazanan Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 106 il keçir. 
İnanırıq ki, bu gün Azərbaycanın milli maraq və mənafelərinin mümkün təhdid və hədələrdən qorunması işinə öz layiqli töhfələrini verən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları təhlükəsizliyimizin etibarlı təmin olunması uğrunda sələflərinin keçdiyi çətin mübarizə yolunu bundan sonra da əzm və fədakarlıqla davam etdirəcəklər.

H.Zeynallı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr