AZ

Avropa-ABŞ qarşıdurması Türkiyənin xeyrinədir

Yazını böyüt
Yazını kiçilt

Türkiyə ABŞ-la ziddiyyət təşkil edən Avropa üçün mühüm strateji tərəfdaş ola bilər. ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsini sona çatdırmaq üçün Rusiyaya yaxın siyasət yürütməsi Avropa ölkələrində narahatlıq yaradır.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, bu vəziyyət “Türkiyənin Avropa ilə əlaqələrini dərinləşdirməsi üçün nadir fürsət yaradır”.

İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (EDAM) direktoru Sinan Ülgən deyir: “İndiyə qədər Türkiyəni kənarda qoyma lüksü olduğunu düşünən Avropa ölkələri indi əksinə, Türkiyəni kənarda saxlaya bilməyəcəklərini görürlər”.

Kimliyinin paylaşılmaması şərti ilə danışan avropalı diplomat, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında balans siyasəti yürütdüyünə də diqqət çəkərək, “Onun prosesə qarışması məntiqlidir” deyir.

Ərdoğan dünən Polşanın baş naziri Donald Tuskla görüşündən sonra deyib ki, Avropa İttifaqı güc və yüksəklik itkisinin qarşısını almaq, hətta geri qaytarmaq istəyirsə, buna ancaq Türkiyənin tamhüquqlu üzvlüyü ilə nail ola bilər.

Anonimlik şərti ilə bağlı fikirlərini bölüşən başqa bir avropalı diplomat “Reuters”ə deyib ki, Türkiyənin Ukraynanın təhlükəsizliyinə təminat verilməsində rolu kritik olacaq: "Ərdoğanın maraqları indi bizimlədir, xüsusən ona görə ki, artıq Suriyada Rusiya dinamikası yoxdur. Deməli, onların Ukrayna adına gələcək Avropa zəmanətlərində rol oynaması üçün şərait bir növ idealdır".

Digər tərəfdən, EDAM direktoru Ülgən Ankaranın Moskvaya qarşı sanksiyalar tətbiq etmədiyini xatırladır və bu prosesdə Türkiyə-Rusiya münasibətlərinin sınaqdan keçirilə biləcəyini deyir: “Türkiyənin qarşısında duran əsas sual Rusiya ilə münasibətlər məsələsidir. Çünki Avropanın təhlükəsizlik çərçivəsinin mahiyyəti Rusiyanı təhdid kimi görməkdən başlayır”.

AFP-nin təhlilində NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyənin Avropanın təhlükəsizliyində “əsas rol oynayacağı” bildirilir. Türkiyədə müdafiə sektorundakı son inkişaflara diqqət çəkilərkən, Ərdoğanın kürəkəni Səlcuq Bayraktarın İdarə Heyətinin sədri olduğu Baykar-ın istehsal etdiyi pilotsuz təyyarələrin Ukrayna müharibəsində mühüm rol oynadığı xatırladılır.

Müstəqil araşdırmaçı Nəbahət Tanrıverdi Yaşarın şərhlərindən də sitat da gətirilir: “Türkiyə ABŞ-ın dəyişən siyasətləri qarşısında Aİ-nin öz təhlükəsizliyi üçün daha çox məsuliyyəti öz üzərinə götürməyə çalışdığı bu “yeni nizam”da regionda güc balansını yenidən formalaşdırmaq üçün Rusiya ilə münasibətlərini və strateji müdafiə dəstəyini diqqətlə Ukraynaya yönəltməyi hədəfləyir”.

Seçilən
9
hafta.az

1Mənbələr