AZ

Paşinyan hökuməti tələbləri pozur: Ermənistan rəhbərliyi yekun mövqeyə gəlməyib

"2024-cü ilin payızından başlayaraq Azərbaycan Ermənistanla sülh müqaviləsində daha bir tələb irəli sürdü. Bu tələb onunla bağlı idi ki, Avropa İttifaqının "mülki missiya" sərhəddə olmamalıdır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq  Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, rəsmi Bakı açıq şəkildə buna öz etirazını bildirdi. Praqa sazişinə görə, Aİ-nin missiyası sadəcə 2 aylıq müddətdə orada olmalıydı:

"Amma həmin sazişdən artıq 2 ildən çox zaman keçib. Missiyanın müddəti daha iki il də uzadılıb. Əlavə olaraq həm missiyanın say tərkibi genişlənir, həm də orada təmsil olunan ölkələrin sırasına yeni dövlətlər daxil olur. Təbii ki, bu addım sülh prosesinə böyük zərbə vurur, bölgədəki hadisələrə mənfi təsir göstərir. Ermənistan hökuməti açıq şəkildə bu tələbi pozur”.

Müsahibimiz qeyd edib ki, rəsmi Bakının əsas tələblərindən biri həm də ATƏT-in Minsk qrupunun buraxılmasıdır:

“Yəni sülh prosesində artıq 4 məsələnin müzakirəsi gedir. Bütün məsələlərlə bağlı yekun nəticə hələlik yoxdur".

Zaur Məmmədov: Ermənistan hücum xarakterli silahlar almağa davam edir

Analitikin sözlərinə görə, Avropa İttifaqına üzv olmaqla bağlı yaxın aylarda Ermənistanda referendum keçirilməliydi:

"Amma bir müddətdir ki, İrəvan hökuməti bu məsələdə susmaqdadır. Çünki Rusiya faktorunu nəzərə alırlar. Rəsmi İrəvanın xarici siyasətindəki dəyişikliklər Donald Trampın hakimiyyətə gəlməsindən və Rusiyaya münasibətdən sonra gündəmə gəlib. O baxımdan Ermənstan hökumətinin yeni qərarlar verməsinə şahidlik edə bilərik. İrəvandan Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində də müsbət açıqlamalar gəlir. Ancaq Ukraynada müharibə davam etdiyi müddətcə ciddi dəyişiklik gözlənilmir”.

Həmsöhbərinizə görə, onu da nəzərə alaq ki, son günlər Ermənistan daxilində revanşistlərin fəallığı da aydın görünür. Ermənistan hücum xarakterli silahlar almağa davam edir.

“İrəvanda hələ də qondarma, keçmiş separatçı rejimin ofisi hələ də qalmaqdadır. Bütün bunlar onu göstərir ki, Ermənistan rəhbərliyi yekun mövqeyə gəlməyib", - deyə Zaur Məmmədov əlavə edib.

Aydın Baxış

Seçilən
3
bakivaxti.az

1Mənbələr