AZ

Ermənistan niyə sürətlə silahlanır?

Ortalıqda qalan İrəvan beynəlxalq aləmin diqqətini özünə cəlb etmək istəyir

44 günlük Vətən müharibəsində Zəfər çalan Azərbaycan düz beş ildir ki, məğlub Ermənistana sülh müqaviləsinin şərtlərini təqdim edib. Müddəaları beynəlxalq hüquqa əsaslanan sülh sazişi əslində Ermənistanın dövlət olaraq xilasına hesablanıb. Nəinki münaqişə tərəflərinin, eləcə də region dövlətlərin maraqlarına cavab verən  ədalətli sülhün təmin olunmasına  və  Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olmasına hesablanmış sənəd hələ də Ermənistanda masa üzərində qalıb. Müstəqil qərar vermək iqtidarında olmayan Ermənistan rəhbərliyi sazişi imzalamaq əvəzinə özünə beynəlxalq himayədar axtarışına çıxıb. Hansı ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ümumu razılığa yalnız ikitərəfli danışıqlar nəticəsində gəlmək mümkündür. Yeri gəlmişkən xatırladaq ki, artıq belə praktika mövcuddur, sərhədlərin delimitasiyası məqsədilə yaradılan komissiya  Azərbaycan və Ermənistan sərhədində fəaliyyətdədir. Sevindirici haldır ki, tərəflər öz aralarında sərhədlərin delimitasiyası ilə bağlı bir sıra razılıq əldə edə biliblər. Görünür, proseslərin bu məcrada davam etməsi Ermənistandakı daxili və xarici maraqlı qüvvələrə sərfəli deyil. Revanşist qüvvələrin təzyiqi, xarici havadarların şirnikləndirici təklifləri Ermənistan iqtidarını sülh sazişini imzalamaqdan yayındırır. İkili oyun oynayan Ermənistan hakimiyyəti bir tərəfdən sülh sazişi imzalamağa razı olduğunu bəyan edur, digər tərəfdən ölkəni silahlandırmaqda davam edir. Uzaqmənzilli raketlərin, havadan müdafiə sistemi, öldürücü silahların Ermənistana daşınması prosesi bu gün də davam edir. Mütəxəssislərin qənaətinə görə, Ermənistana verilən silahların dəyəri bu ölkənin dövlət büdcəsini dəfələrlə üstələyir. İqtisadiyyatı tamamilə çökmüş ölkənin verilən borcları  nə vaxtsa qaytaracağı sual altındadır. Lakin fakt ondan ibarətdir ki, maraqlı qüvvələr Ermənistandan vasitə kimi istifadə etmək məqsədilə onu silahlandırırlar. Bu isə  Ermənistanı həvəsləndirir və müharibə planını gündəmə gətirir.  Artıq əldə edilmiş kəşfiyyat məlumatları deməyə əsas verir ki, Ermənistan yeni müharibənu başlatmaq üçün bütün imkanlarını səfərbər edib. Xatırladaq ki, Ermənistan iki ildir ki, Azərbaycanla  Kəlbəcər və Zəngəzurda şərti sərhəddə mühəndis istehkam işləri aparır. Bunkerlər və atəş sahələri yaradılıb. Ermənistan Hindistandan aldığı artilleriya sistemlərini Azərbaycanla sərhəddə atəş nöqtələrində yerləşdirib. Avropa İttifaqının yarım hərbi mülki missiyası isə binoklu Azərbaycana tərəf tuşlayaraq Ermənistanın bu hərbi hərəkətliliyinə susqunluq nümayiş etdirir. Mülki missiya bir az da qabağa gedərək Azərbaycanı müharibəyə hazırlıqda ittiham edir. Hansı ki,  Azərbaycan Ermənistanla sərhəddə hər hansı ağır silahlar yerləşdirməyib və hərbi hərəkətlilik də yoxdur. Bunu Ermənistan tərəfi də təsdiq edib. Amma, Ermənistan tərəfi hər keçən gün  Azərbaycanla sərhəddə qoşun növlərinin yerdəyişməsini həyata keçirir. Məqsəd isə Azərbaycanı "Zəngəzur dəhlizi" planından daşındırmaq, strateji yüksəkliklərdən Azərbaycan mövqelərini çıxarmaq və danışıqlarda üstünlük əldə etməkdir. Rəsmi İrəvan həmçinin Qarabağdan könüllü gedən ermənilərinin geri qaytarılmasinı müzakirə predmetinə gətirmək, Qərbi Azərbaycan məsələsini gündəmdən çıxarmaq istiqamətində fəaliyyətini davam etdirir. 

Ancaq, reallıq ondan ibarətdir ki, Ermənistanın  Azərbaycana qarşı hərbi əməliyyatlar aparacaq nə şəxsi heyəti, nə də güclü hərbi texnikası var. Hindistandan alınan artilleriya batareyası ilə isə müharibə aparmaq ağılsızlıqdır. Məlumata görə, Fransa  Ermənistana ölümcül silahlar verməyib, ABŞ- Ermənistan əməkdaşlığı fiaskoya uğrayib. Belə halda Ermənistanın müharibə başladacağı barədə yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Ancaq, Ermənistanda da anlayırlar ki, artıq regional və beynəlxalq siyasi nizam dəyişir və növbəti müharibə Azərbaycanın Zəngəzur dəhlizini  açması ilə nəticələnə bilər. Əgər Ermənistan kifayət qədər silah alır, orduda islahatlar aparır, lakin müharibə aparacaq gücündə deyilsə başqa yollara əl atılmalıdır. Bu yol isə diplomatik təxribat yoludur. Yalnız bu yolla özünə hami qazansa hərbi təxribatlar istisna olunmur. Sözügedən təxribatlardan biri də İsveçrənin Ermənistandakı səfirliyi qarşısında mitinq keçirilməsidir. Erməni separatizminin yeni təxribatı olan bu aksiyanın mahiyyəti İsveçrə parlamentinin aşağı palatası - Milli Şuranın ötən ilin dekabrında qəbul etdiyi absurd qətnaməyə əsaslanır. Qətnamədə guya "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli" üçün beynəlxalq konfransın təşkil olunması təklif edilir. Yəni, Ermənistan hələ də "münaqişə" xülyasından əl çəkmək niyyətində deyil və öz uydurma iddialarını beynəlxalq səviyyədə gündəmdə saxlamağa çalışır.
Yeri gəlmişkən xatırladaq ki, İsveç parlamentinin "İsveç-Ermənistan dostluq qrupu" bu il martın 6-da əsassız, qeyri-obyektiv və qərəzli bəyanat qəbul edib. Saxta məlumatlar və yalan ittihamlarla   dolu olan bu bəyanat reallığı təhrif etmək, Azərbaycan Respublikasının suverenliyini şübhə altına almaq, erməni separatçılarının və müharibə canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri təmizə çıxarmaq üçün göstərilən rüsvayçı bir cəhddir. Məhz bu səbəbdən Milli Məclisin "Azərbaycan-İsveç" dostluq qrupu sözügedən bəyənatı rədd edib: "Erməni lobbisinin bir hissəsi olaraq, siz Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalının, dinc azərbaycanlı sakinlərə qarşı saysız-hesabsız hərbi cinayətlərin, etnik təmizləmələrin və insan hüquqlarının kütləvi surətdə kobudcasına pozulmasının üstündən sükutla keçməyi qərara almısınız. Siz erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklərə, Xocalı soyqırımına, günahsız insanları, o cümlədən uşaqları, qadınları və qocaları dözülməz işgəncələr verərək qəddarcasına qətlə yetirməsinə bilərəkdən göz yummağa üstünlük vermisiniz. Beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın ağır cinayətlər, o cümlədən separatizm cinayətləri, sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, Azərbaycan dövlətinə və onun vətəndaşlarına qarşı terror aktları törətmiş şəxsləri təqib etməyə tam qanuni hüququ vardır. "Erməni məhbusların, o cümlədən siyasi xadimlərin və mülki şəxslərin qanunsuz şəkildə azadlıqdan məhrum edilməsi, cismani və psixoloji işgəncələrə və siyasi təqiblərə məruz qoyulması" kimi və digər qondarma ittihamlar Azərbaycan torpaqlarının işğal altında saxlanılması, şəhər və kəndlərimizin yerlə yeksan edilməsi, etnik təmizləmələr yolu ilə 750 min azərbaycanlının öz vətənində didərgin salınması və Azərbaycanın mili, mədəni və tarixi mirasının sistemli şəkildə məhv edilməsi üçün məsuliyyət daşıyan şəxslərin əməllərindən diqqəti yayındırmağa yönələn uydurmalardan başqa bir şey deyildir".

Onu da qeyd edək ki, İsveç-Ermənistan dostluq qrupu üzvlərinin riyakarlığı 30 illik işğal dövründə erməni qüvvələrinin zülmündən zərər çəkmiş minlərcə azərbaycanlı dinc sakinin, o cümlədən aqibəti bu günədək məlum olmayan 4 min itkinin taleyini görməzdən gəlib. Belə bir şəraitdə ikili standartlara əsaslanan qərəzli yanaşma qrup üzvlərinin həqiqi niyyətinin siyasi manipulyasiyalar yolu ilə Azərbaycanı qaralamaqdan ibarət olduğunu nümayiş etdirir. Ancaq bütün dünya bilməlidir ki,  Azərbaycan cəmi 44 gün ərzində ərazi bütövlüyü və suverenliyini bərpa edib, bununla da  müharibə canilərinin cəzasız qaldığı dövr geridə qalıb. Odur ki, xalqımıza, dövlətimizə qarşı cinayətlərdə təqsiri olanlara haqq qazandırmaq üçün göstərilən cəhdlər heç bir nəticə verməyəcək. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr