“Biz hesab edirik ki, əgər Rusiyanın müsadirə olunan aktivləri tam həcmdə Ukraynaya verilsə, ölkəmiz daha çox silahlana bilər”.
APA xəbər verir ki, bunu XII Bakı Qlobal Forumu çərçivəsində “Sülhə doğru” panelində Ukrayna 3000 Fondunun sədri Katerina Yuşşenko deyib.
O bildirib ki, bəzi dövlətlər diktə etməkdənsə, Ukraynanın müstəqilliyinin müdafiəsinə dəstək verməlidir: “Bizim üçün məsələ sırf ərazi problemi deyil. Biz insanların məhv edildiyi, işgəncə gördüyü ölkəmizdə sülh istəyirik. Çünki ruslar işğal etdikləri bölgələrdə insanları incidir, kitabxanaları məhv edir. Ona görə də hesab edirik ki, bəzi ölkələr bizə diktə etməkdənsə, iradəmizi nəzərə alıb, müstəqilliyimizi qorumağımıza imkan verməlidir”.
Katerina Yuşşenkonun sözlərinə görə, 2014-cü ildə Rusiya Krımı ilhaq etdiyi zaman Ukraynanın NATO-ya üzvlüyü müzakirə olunmayıb.
“Ona görə də bu məsələ müharibənin səbəbi kimi göstərilə bilməz”, - o əlavə edib.
Katerina Yuşşenko qeyd edib ki, dünya ölkələri Rusiya-Ukrayna münaqişəsində kimin hücum edən, kimin isə zərərçəkən tərəf olduğunu yaxşı bilir: “Rusiya imperialist ideyalara malik dövlətdir”.
O, Ukraynanın indiyədək Rusiya ilə razılaşmalarla bağlı təcrübəsinə də toxunub: “Hələ 1991-ci ildə Rusiya Krımın Ukraynanın ərazisi olduğunu qəbul etdi. Ukraynadakı referendumdan sonra Rusiya bu ümumxalq səsverməsinin nəticələrini qəbul etdi”.