AZ

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi nəşr olunub

Bakı, 14 mart, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının növbəti nömrəsi işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsi əsasən görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə, görkəmli şərqşünas alim professor Aida İmanquliyevanın 85 illik yubileyinə və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.

Məhəmməd Füzuli ilə bağlı bölmədə “Füzuli yaradıcılığı ərəb üzri lirikası kontekstində”, “M.Füzuli nəsrinin poetikası haqqında”, “Nəzirə ənənələri və Füzuli yaradıcılığı”, “Füzulinin ərəbcə şeirlərində ərəb poetik ənənələrinin təzahürü”, “Füzulinin farsca “Divanı”, “Füzulinin rübailəri, “Füzulinin “Həft cam” əsəri: ilk örnəklərlə müqayisəli təhlil” və s. məqalələrlə tanış olmaq olar.

Professor Aida İmanquliyevaya həsr olunmuş bölmədə akademik Gövhər Baxşəliyevanın “Zamanı qabaqlayan böyük insan” adlı məqaləsi yer alıb. Eləcə də görkəmli alimə həsr olunmuş konfrans və tədbirlər barədə yazılar təqdim edilir.

Naxçıvana həsr olunmuş bölmədə “IX-XV əsrlər ərəbdilli mənbələrdə qədim Naxçıvan”, “XV-XVIII əsr mənbələrində Naxçıvan türk-islam mədəniyyəti mərkəzi kimi” adlı məqalələr yer alır.

Jurnalda, həmçinin “Ədəbiyyat” bölməsində “İsmayıl Hadinin “Laçın” romanında milli-əxlaqi dəyərlər və ana dili məsələsi”, “Cənubi Azərbaycan şairələrinin yaradıcılığına bir baxış”, “Uzaq Şərq” bölməsində “Yaponiyada elmin inkişafı” kimi məqalələr oxucuların diqqətinə çatdırılır. Həmçinin Foruğ Fərruxzaddan tərcümələri, institutun Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayevin Qarabağla bağlı elmi tədqiqatlar barədə müsahibəsi verilir.

Bundan başqa, jurnalda şərqşünas alimlərin təltifləri, yubileyləri haqqında yazılar, nəşr olunan kitablar, keçirilən konfranslar, görüşlər, tədbirlər haqqında məlumat diqqətə çatdırılır.

 

 

Seçilən
4
1
azertag.az

2Mənbələr