Ermənistanda hökumətin iclasından sonra ölkənin xarici işlər naziri Ararat Mirzoyanla jurnalistlər arasında mübahisə yaranıb.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, jurnalistlər iclasdan sonra nazirə suallar ünvanlamaq istəyiblər.
Mirzoyan isə media nümayəndələrinə əhəmiyyət verməyərək yoluna davam edib. Bu zaman jurnalistlərdən biri “Siz yalnız türk jurnalistlərin suallarına cavab verirsiniz, cənab Mirzoyan?” deyib.
Bu sualdan sonra Mirzoyan geri qayıdıb və bildirib: “İlk olaraq, dediklərinizi çox kobud, tərbiyəsiz və qeyri-peşəkar hesab edirəm. İkincisi, bu, peşəkar jurnalist fəaliyyəti deyil, bu, siyasi aksiyadır. Ayıb olsun”.
Jurnalistlərdən birinin isə XİN rəhbərinin bu iradlarına cavabı gecikməyib və əslində Mirzoyana ayıb olmalı olduğunu vurğulayıb: “Sizə ayıb olmalıdır ki, gəlirsiniz, bizi danlayırsınız və gedirsiniz”.
Artıq getməyə hazırlaşan Mirzoyan yenidən geri qayıdıb və deyib: “Sizlərdən kimsə “ancaq türk həmkarlara cavab verirsiniz” deyəndə sizə ayıb olsun deməyə tam haqqım çatır. İcazə verilən çərçivədən kənara çıxmayın”.
Xatırladaq ki, bir neçə gün əvvəl bir qrup türkiyəli jurnalist Ermənistan rəhbərliyinin dəvəti ilə ölkəyə səfər edib. Türkiyəli jurnalistlər burada bir sıra yüksəkvəzifəli şəxslərlə müsahibələr ediblər.