Hesabat ilində aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılması üçün ünvanlı dövlət sosial yardımının ödənişi davam etdirilib.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Məlumata əsasən, 2024-cü il ərzində 75,9 min aztəminatlı ailənin 334,5 min ailə üzvünə ünvanlı dövlət sosial yardımının ödənişi təmin olunmuşdur. Bir ailaya düşən sosial yardımın orta aylıq məbləği isə 475,2 manat təşkil etmişdir.
Aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün ÜDSY sahəsində də islahatlar davam etdirilmiş, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyən edilən ehtiyac meyarının həddi 2024-cü il üçün 9,8% və ya 24,0 manat artırılaraq 270,0 manat məbləğində təsdiq edilmişdir ki, bu da həm bir ailəyə təyin olunan ÜDSY məbləğinin artmasına, həm də ÜDSY təyin olunan ailələrin əhatə dairəsinin genişləndirilməsinə imkan vermişdir.
Operativ məlumata əsasən 2024-cü il ərzində 453,3 min nəfərə və ya ölkə əhalisinin 4,4%-nə aylıq, 63,3 min nəfərə və ya ölkə əhalisinin 0,6%-nə birdəfəlik xarakterli olmaqla, ümumilikdə 516,6 min nəfərə və ya ölkə əhalisinin 5,1%-nə sosial müavinət, 401,4 min nəfərə və ya ölkə əhalisinin 3,9%-nə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilmişdir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən həmin şəxslər ilk dəfə işə düzələn zaman onlara ödənilən 265 manat məbləğində birdəfəlik müavinətin və respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin əvəzinə 6 min manat məbləğində birdəfəlik müavinətin ödənilməsi müəyyən edilmişdir.
Anar Kəlbiyev