Son zamanlar əmlak bazarında təklif olunan daxili kredit şərtləri ilə satışda bəzi dəyişikliklər özünü göstərir.
“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, bəzi əmlak tikinti şirkətləri mənzillərin satışında daxili kredit şərtlərini dəyişdirərərk alıcıların üzərinə daha çox öhdəliklər yükləyiblər. Belə ki, əgər əvvəllər mənzillər daxili ipoteka şərti ilə 5 ilə qədər müddətdə alıcılara təklif olunurdusa, hazırda bu müddət 24-36 aya qədər endirilib. Əlavə olaraq isə, illik faiz dərəcələri artırılıb.
İqtisadçı Rəşad Həsənov bildirib ki, bu əmlak bazarında olan mövcud durumdan qaynaqlanan bir məsələdir. Belə ki, bu sektorda olan təkliflərin ümumilikdə azalması, pilot layihələrin tikintisinin gecikməsi və əsasən də ipoteka kreditlərində getdikcə çətinliklərin artması “MTK” sahiblərinə imkan yaradır ki, onlar da daxili kredit şərtlərini nisbətən sərtləşdirsinlər.
Bundan başqa, iqtisadçı onu da bildirib ki, əvvəlki dövrlərdə mənzillərin daxili ipotaka şərtləri ilə satışı zamanı baş verən saxtakarlıqların hazırda mümkün olmadığı üçün satışın əhəmiyyətli hissəsi leqallaşdırılaraq tam standartlara uyğun formada icra olunur. Buna görə də müəyyən qədər xərclər sərf olunduğu üçün şirkət sahibləri mənzillərin qiymətini daha da artırırlar.
R. Həsənov mövcud duruma münasibət bildirərək əlavə edib ki, əmlak bazarında yaranan çətinliklər bu sektorda getdikcə alıcı kütləsinin azalmasına səbəb olur.
Müəllif: Türkan_zadə