Bakı, 13 mart, Günel Alıyeva, AZƏRTAC
AZƏRTAC xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr haqqında məqalələr silsiləsini davam etdirir.
Budəfəki həmsöhbətimiz ABŞ-ın ən nüfuzlu universitetlərindən birində – Kolumbiya Universitetində (Columbia University) “Mülki inşaat və mühəndislik mexanikası” ixtisası üzrə magistratura pilləsində təhsil alan Fuad Cəfərli oldu.
Fuad “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” sayəsində bu universitetə qəbul olunub. O, AZƏRTAC-ın müxbirinə müsahibəsində inşaat mühəndisliyinə doğru keçdiyi yoldan, ABŞ-ın ali təhsil müəssisəsinə daxil olmasından, təhsil prosesinin xüsusiyyətlərindən danışıb.
Fuad Bakının Binəqədi rayonundakı 182 saylı orta məktəbdə oxuyub. Məktəbdə dəqiq elmləri həvəslə öyrənirdi. Xüsusilə riyaziyyatı çox sevirdi: ədədlər, düsturlar, tənliklər onun üçün sadəcə məsələ deyil, daha çox məntiq axtardığı və tapdığı tapmaca kimi idi. O, həmçinin texniki və fundamental fənlərdən zövq alırdı.
“Texniki və fundamental fənlər mənə hər zaman çox yaxın olub. Xüsusilə də riyaziyyat - onu daha dərindən kəşf etməyə həmişə böyük marağım olub”, - deyə o xatırlayır.
Fuad bakalavr təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində başa vurub. Bu ixtisas üzrə təhsil alması onun seçiminin düzgünlüyünə inamını daha da gücləndirib. Gəncin sözlərinə görə, bu peşənin seçimi təsadüfi olmayıb, çünki uşaqlıqdan inanılmaz görünən göydələnlər, körpülər, mürəkkəb mühəndislik konstruksiyaları onu valeh edib.
“Mən həmişə tikililərə və binalara heyran olmuşam, onları yaratmağa böyük həvəsim olub. Lakin o zaman mən memarlıq və inşaat mühəndisliyi arasındakı əsas fərqləri bilmirdim. Sonrakı illərdə onların arasındakı fərqi öyrənərək inşaat mühəndisliyini seçdim və buna görə heç vaxt peşman olmadım. Bu ixtisas mənim xarakterimə və güclü tərəflərimə daha çox uyğun gəlir, belə ki, memarlıq daha çox sənətlə bağlıdır”, - deyə o xatırlayır.
Magistraturaya qəbul prosesindən danışan Fuad əsas mərhələlər və mütləq tələblər barədə ətraflı danışıb.
“İlk mərhələdə Kolumbiya Universitetinə qəbul olunmağım haqqında məktub aldım. Sonra müəyyən edilmiş müddətə qədər dövlət təqaüd proqramında iştirak üçün müraciət etdim.
Mən artıq bütün lazımi sənədləri hazırlamışdım: yüksək IELTS balı və Kolumbiya Universitetinə qəbul məktubu. Sənədlərimə baxdıqdan sonra təsdiq etdilər və mən dövlət təqaüdü proqramı çərçivəsində müsahibəyə dəvət aldım. Seçim prosesi çox şəffafdır. Sadəcə tələblərə cavab verməli və ən yaxşı nəticələrini göstərməlisiniz”, - deyə Fuad izah edir.
Universitet seçimini düşünülmüş şəkildə etmişdim. İstedadlı tələbə eyni vaxtda iki universitetdən - UCL və “Imperial College London”dan dəvət aldı. Lakin Kolumbiya Universiteti onun üçün həmişə prioritet olaraq qalırdı.
“Kolumbiya Universiteti dünyanın ən yaxşı on universitetindən biridir. “Magistratura seçimi edərkən, peşəkar imkanlara çıxışı olan daha böyük bir şəhərdə təhsil almaq istəyirdim, Nyu-York isə mükəmməl yerdir”, - deyə o bildirir.
Həmsöhbətimizin sözlərinə görə, Nyu-York sadəcə bir şəhər deyil, həm də mühəndislər üçün imkanlar mərkəzidir. Burada hər şey var: təcrübə, əlaqələr, perspektivlər.
Fuad deyir ki, Kolumbiya Universitetinə qəbul olunması hazırlıq və səbir tələb edən mürəkkəb prosesdir. O, təhsil kurslarına müraciət etməyib, artıq bu yolu keçmiş dostlarının təcrübəsinə arxalanaraq imtahanlara müstəqil şəkildə hazırlaşıb.
Fuad deyir: “İmtahanlara hazırlıq nəhəng işdir, lakin dostlarımın təcrübəsi və məsləhətləri mənim üçün əvəzolunmaz oldu”.
Kolumbiya Universiteti onun diqqətini təkcə akademik səviyyəsi ilə deyil, həm də tarixi ilə cəlb edib. Burada ABŞ prezidentləri, Nobel mükafatı laureatları, görkəmli alimlər, o cümlədən məşhur Azərbaycan alimi Lütfi Zadə təhsil alıb.
Fuad qeyd edir ki, bu akademik cəmiyyətin bir hissəsi olmaq onun üçün böyük şərəf və məsuliyyətdir.
“Belə bir universitetdə təhsil almaq tam fədakarlıq tələb edir, - deyə Fuad bəhs edir. – Tədris prosesi çox intensivdir, ən əsası, vaxtı ağılla idarə etməyi bacarmaqdır. Dəqiq cədvəl olmasa, iş yükünün öhdəsindən gəlmək demək olar ki, mümkün olmayacaq”, - deyə həmsöhbətimiz diqqətə çatdırır.
İstedadlı tələbə ilk semestrini təsirli nəticə - GPA 4.0-dan 3.9 ilə başa vurub.
“Mən yüksək akademik müvəffəqiyyət səviyyəsini qoruyub saxlamaq və təhsili uğurla başa vurmaq istəyirəm”, - deyə o vurğulayır.
Universitetə qəbul olunmasında əsas rolu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” oynayıb. Bu təşəbbüs sayəsində Fuad təhsil haqqını ödəməklə yanaşı, beynəlxalq təcrübəyə və ən yaxşı təhsil resurslarına çıxış əldə edə bildi.
O, proqram haqqında dostlarından öyrənib. Şərtlərlə tanış olduqdan sonra Fuad başa düşdü ki, bu, öz ölkəsinin real maliyyə yardımı və dəstəyi ilə ali təhsil almaq üçün ideal fürsətdir.
Fuad əlavə edir: “Bu proqram Azərbaycan gənclərinə öz xəyallarını həyata keçirməyə kömək edir. Bu proqram və Prezidentimiz İlham Əliyevin sayəsində hər il yüzlərlə azərbaycanlı tələbə dünyanın ən yaxşı universitetlərində təhsil alır. Proqram, təhsil xərclərinin böyük hissəsini əhatə edir və Vətənə qayıdandan sonra dövlət sektorunda imtahansız işləmək imkanı verir”.
Onun sözlərinə görə, yüksəksəviyyəli universitetə qəbul yalnız ilk addımdır. Ondan sonra hər şey tələbənin özündən, onun yüksək tələblərə, müstəqil bilik axtarışına və rəqabətqabiliyyətli mühitdə işləməyə nə dərəcədə hazır olmasından asılıdır.
“Kolumbiya Universiteti tələbələrə qarşı çox tələbkardır. Lakin uğur qazanmaq üçün akademik cəhətdən güclü olmaqla yanaşı, həm də müxtəlif insanlarla ünsiyyət və qarşılıqlı əlaqə yaratmaq bacarıqlarını inkişaf etdirmək lazımdır. Qəbul olunmusunuzsa, demək ki, potensialınız var”, - deyə Fuad qeyd edir.
Xaricdə təhsil almaq Fuada Azərbaycan və ABŞ-ın təhsil sistemlərində əsas fərqləri görməyə imkan verdi. Həmsöhbətimizin bəhs etdiyi kimi, ABŞ-da Azərbaycan universitetlərindən keyfiyyətcə geridə qalan universitetlər var. Tələbə hesab edir ki, təhsilin keyfiyyəti bir çox amillərdən - mövcud resurslar, müəllim heyəti və tələbələrin özündən asılıdır.
“Mən Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışam, müəllimlərim, xüsusən də Nigar Aslanova, Reyhan Əkbərli, İlham Poluxov, Tural Əliyev və dekanımız Sahib Fərzəliyev mənə böyük dəstək olublar. Müəllimlərim mənə qarşı çox diqqətli olub, həmişə kömək ediblər, - deyə tələbə söyləyir. – Eyni sözləri ABŞ universitetləri haqqında da deyə bilərəm. Təhsilin keyfiyyəti bir çox amillərdən - mövcud resurslar, müəllim heyəti və tələbələrin özündən asılıdır”, - deyə o əlavə edib.
Tələbə bəhs edir ki, ABŞ-a köçmək təkcə yeni akademik çətinliklərlə bağlı deyil, həm də fərqli mədəniyyətlə tanış olmaq və yeni ölkəyə uyğunlaşmaqdır ki, bu da bir qədər vaxt apara bilər.
“Nyu-York müxtəlif mədəniyyətlərin bir-birinə qarışdığı bir şəhərdir. Burada insanlar öz adət-ənənələrini qoruyub saxlayır. Əsas olan da öz şəxsiyyətini qorumaq ilə yerli dəyərləri qəbul etmək arasında tarazlıq tapmaqdır”, - deyə Fuad vurğulayır.
Onun sözlərinə görə, universitet təkcə oxumaqdan ibarət deyil. Kolumbiya Universiteti həm də beynəlxalq icması ilə məşhurdur: “Burada dünyanın hər yerindən gələn tələbələrə rast gəlmək olar. Demək olar ki, hər bir mədəniyyətə aid olan insanlarla tanışlığım var, amma mənə ən yaxın olanlar ortaq dilimizdə danışanlardır”.
Fuad asudə vaxtını dostları ilə, amma daha çox kitabxanada dərslərə hazırlaşaraq keçirir.
O, əmindir ki, gələcək tələbələr üçün əsas olan bilik və hərtərəfli inkişaf istəyidir.
“Təhsil sizin qızıl biletinizdir. Lakin bu, kifayət deyil. Həmçinin ünsiyyət bacarıqlarını inkişaf etdirmək və özünü təqdim etməyi bacarmaq lazımdır. Təkcə peşəkar olmaq deyil, həm də bunu ətrafdakılara çatdıra bilmək vacibdir”, - deyə o izah edir.
Gələcəklə bağlı planlarından danışan Fuad bütün diqqətini öz sahəsi üzrə oxumağa və inkişaf etməyə yönəltdiyini, digər sahələrdə də biliklərini genişləndirməyi planlaşdırdığını qeyd edib: “Gələcək planlarım bu sahədə özümü mümkün qədər inkişaf etdirmək və zaman keçdikcə digər sahələrdə də biliklərimi genişləndirməkdir. Bütün bu səylər ölkəmizin və cəmiyyətimizin inkişafına töhfə verir ki, bu da tərəqqimiz üçün son dərəcə vacibdir. İstər neft-qaz sahəsi, istərsə də digər istiqamətlərdə Azərbaycanın çox böyük inkişaf potensialı var. Biz hamımız bu prosesə öz töhfəmizi vermək üçün çalışmalıyıq”.
O qeyd edir ki, inşaat mühəndisliyi müxtəlif sənaye sahələri, o cümlədən neft-qaz sənayesi ilə sıx bağlıdır. Lakin ölkəmiz qeyri-neft sektorunun inkişafı istiqamətində də fəal iş aparır.
“Hər bir tikilinin öz istismar müddəti var: o ya yenidən qurulur, ya da yenisi tikilir. Bu, xüsusilə Azərbaycanın işğaldan azad edilmiş, fəal inkişaf edən əraziləri üçün vacibdir. Mən bu prosesə öz töhfəmi vermək istərdim”, – deyə həmsöhbətimiz qeyd edib.