AZ

Keçən il korrupsiya ilə bağlı 170 cinayət işi başlanıb

Saat 11.07

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçən il 381 cinayət xarakterli materiala baxılıb.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Məlumata görə, 314 (82%) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 67 (18%) material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edili və digər prokuror təsir tədbirləri tətbiq edilib.

Baş İdarənin əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılıb, keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs, habelə axtarışda olan 8 nəfər saxlanılıb.

Qeyd edilib ki, ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 290 şəxs barəsində 203 cinayət işinin ibtidai istintaqı tamamlanıb. Onlardan 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş 226 şəxs barəsində 158 cinayət işindən barəsində 29 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 55 şəxs barəsində 40 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 16 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 21 şəxs barəsində 15 iş rüşvət alma (passiv rüşvətxorluq), 21 şəxs barəsində 15 iş vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, 21 şəxs barəsində 14 iş cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, 11 şəxs barəsində 10 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, habelə qalanları digər faktlarla əlaqədar olub.

Bundan başqa, ötən il korrupsiya cinayətləri ilə bağlı istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 131365,4 min manat məbləğində maddi ziyandan 50394,4 min manatının (38,4%) ödənilməsi təmin olunub.

Həmin işlər üzrə dövlət mülkiyyətinə vurulmuş 78857,5 min manat ziyanın 11549,3 min manatı (14,6%), xüsusi mülkiyyətə vurulmuş 52478,3 min manat məbləğində maddi ziyandan 38815,6 min manatı (74%) ödənilib.

Bələdiyyə mülkiyyətinə vurulmuş 29,6 min manat maddi ziyan isə tam olaraq bərpa edilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş cəmi 111639,2 min manat məbləğində maddi ziyanın ibtidai istintaq dövründə 30668,3 min manatının (27,5%) ödənilməsi təmin olunub.

İcraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 19726,2 min manat məbləğində maddi ziyan tam olaraq ödənilib.

Seçilən
2
15
apa.az

10Mənbələr