Azərbaycana minatəmizləmə sahəsində maliyyə və texniki yardımlar göstərmiş ölkələr məlum olub.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, Azərbaycan humanitar minatəmizləmə əməliyyatları barədə beynəlxalq səviyyədə məlumatlandırma işinin aparılması və bu əməliyyatlara beynəlxalq yardımın cəlb edilməsi məqsədilə beynəlxalq formatlarda diplomatik fəallıq göstərib, o cümlədən BMT, UNESCO, Aİ və NATO da daxil olmaqla beynəlxalq təşkilatlarla və bir sıra dövlətlərlə ölkəmizdəki mina probleminin aradan qaldırılması üzrə əməkdaşlıq yolları barədə dialoq aparıb.
Aparılmış ikitərəfli səylər nəticəsində bir sıra xarici dövlətlər ölkəmizə minatəmizləmə sahəsində maliyyə və texniki yardımlar göstərib. Bu sırada Almaniya 500 min avro, Belçika 250 min avro, Çin 500 min yuan, Italiya 1,5 mln. avro, BƏƏ 5 mln. ABŞ dolları məbləğində maliyyə dəstəyini elan edib. Bununla yanaşı, Xorvatiya və ABŞ-da fəaliyyət göstərən Marşal İrsi İnstitutu tərəfindən ölkəmizə minaaxtaran itlər ianə olunub. Çoxtərəfli dəstək istiqamətində Aİ tərəfindən Azərbaycan üzrə "Avropa Komandası Təşəbbüsü təsis edilmiş və ölkəmizdəki mina probleminə dəstək məqsədilə Avropa Komissiyasının büdcəsindən 2 mln. avro vəsaitin ayrılacağı niyyəti bəyan edilib. Hesabat ilinin iyun ayında isə Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən ölkəmizə 2024-2025-ci illər üzrə əlavə 10 mln. avro vəsaitin ayrılacağı bəyan olunub.
Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirlikləri isə Azərbaycanda minatəmizləmə fəaliyyətinə 8 milyon dollar dəstək verəcək. Qeyd edilib ki, "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığını təmsil edən Kral Salman Humanitar Yardım Mərkəzi arasında Azərbaycan Respublikasında Minatəmizləmə üçün Maliyyə Töhfəsinə dair Memorandum" 2024-cü il 16 yanvar tarixində imzalanıb və Nazirlər Kabinetinin 2024-cü il 29 fevral tarixli 134s nömrəli Sərəncamı ilə təsdiqlənib. Memorandum çərçivəsində Minatəmizləmə Agentliyinin müvafiq təmizləmə dəstələrinin texniki və inzibati qaydada dəstəklənməsi, zəruri avadanlıqların alınması, habelə zəruri olduğu təqdirdə keçmiş təmas xətti ilə sərhəd olan ərazilər boyu maarifləndirə tədbirlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Səudiyyə Ərəbistanı Krallığı tərəfindən veriləcək maliyyə töhfəsinin məbləği 3 mln. ABŞ dolları təşkil edir.
"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Səfirliyi arasında "Qarabağ regionunda həyata keçirilən minatəmizləmə fəaliyyəti proqramına Birləşmiş Ərəb Əmirlikləri Hökuməti tərəfindən maliyyə dəstəyinə dair Anlaşma Memorandumu” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 noyabr tarixli 580s nömrəli Sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2024-cü il 26 noyabr tarixində imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 dekabr tarixli 612s nömrəli Sərəncamı ilə təsdiq edilib. Anlaşma Memorandumunun məqsədi BƏƏ Hökuməti tərəfindən Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstək üçün Minatəmizləmə Agentliyinə 5 mln. ABŞ dolları məbləğində maliyyə töhfəsinin verilməsidir.