Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 54,3 %-i, qeyri-neft-qaz ÜDM-nin isə 80 %-i qədər – 68,6 milyard manat təşkil edib.

İndex.az hökumətin hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 7,9 % çoxdur.

Hesabat tarixinə sektorun aktivlərinin 77,3 %-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl ilə eynidir. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 19,7 %-dən 19,5 %-ə düşüb, sığorta şirkətlərinin payı 2,8 %-dən 3 %-ə qalxıb, investisiya şirkətlərinin payı isə 0,2 % qalıb.

Hökumət BOKT-ların aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə izah edir.