Gəncə şəhər Heydər Əliyev park kompleksinin yaxınlığında yerləşən kurqanlar daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısına salınacaq.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, Gəncə şəhər Heydər Əliyev park kompleksinin yaxınlığında yerləşən kurqanların sərhədlərinin müəyyənləşdirilməsi məqsədilə 2024-cü il 1 iyul tarixli məktubla Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutuna müraciət olunub. İnstitutun müvafiq rəyi əsasında kurqanlar yeni aşkar edilmiş abidələr siyahısına daxil edilib.
Eyni zamanda kurqanların döngə nöqtələrinin koordinatlarını əks etdirən arayış nəzərə alınması və müvafiq tədbirlərin görülməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib. Hazırda kurqanların da daxil olduğu daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının təsdiqi ilə bağlı "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Nazirlər Kabinetinin qərarı layihəsi hazırlanır.
Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA-nın Gəncə bölməsinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin və Gəncə şəhər Heydər Əliyev Park-Xiyaban Kompleksinin əməkdaşları ilə birlikdə həmin əraziyə baxış keçirilib. AMEA-nın Tarix və Etnoqrafiya İnstitutunun alimləri tərəfindən ilkin tədqiqatlar zamanı aşkar edilmiş 4 kurqanın ətrafında tikinti işlərinin aparılması müəyyən edilməyib.