AZ

Məktəblərdə tənəffüs: Çox dərs, az istirahət...

Zehni yorğunluq tədrisin keyfiyyətini aşağı salan amillərdəndir. Bu yorğunluq həm müəllim həm də şagirdlərin dərsə hazırlığına və keyfiyyətinə ciddi təsir edir. Müəllim və şagirdləri həm fiziki həm də zehnini yoran səbəblərdən biri də dərs arası tənəffüsün vaxtının azlığı və müəllimlərin fasiləsiz təkrar dərslərə davam etməsidir.

 

Məktəblərdə birinci növbənin dərsləri saat 8:00-da başlayır, 13:00-da bitir. Bundan sonra ikinci növbə saat 13:15-də başlayır və 18:00-da bitir. Dərslərarası tənəffüs 5,  böyük tənəffüs isə 10 dəqiqədir. Məhz bu ikinövbəlilik tənəffüslərin çox qısa olmasına yol açır. Nəticədə həm şagird, həm də müəllim 5 dəqiqəlik tənəffüslə dalbadal 5-6, hətta 7 saat tədris prosesində olurlar. Belə olan təqdirdə təbii ki, günün sonlarına yaxınlaşdıqca onlarda yorğunluq özünü büruzə verir ki, bu da tədrisin keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Dərslərarası tənəffüslər, şagirdlərin dərslər arasında qısa fasilələr verərək istirahət etmələrini, enerjilərini bərpa etmələrini və növbəti dərsə daha diqqətlə yanaşmalarını təmin edən zamandır. Bu tənəffüslər, şagirdlərin psixoloji və fiziki olaraq yüklənməsinin qarşısını alır və onların diqqətini toplamağa kömək edir.

 

Dərs zamanı şagirdlər çox vaxt statik vəziyyətdə otururlar, bu da yorğunluğa və diqqətin dağılmasına səbəb olur. Tənəffüslər şagirdlərə hərəkət etmək, gəzmək və dincəlmək imkanı verir. Tənəffüslər şagirdlərə bir-biri ilə ünsiyyət qurmağa, dostluqlarını inkişaf etdirməyə və sosial bacarıqlarını artırmağa şərait yaradır. Tənəffüs zamanı şagirdlər həm də dərslə bağlı sualları müzakirə edə bilər və müəllimlərdən kömək ala bilərlər. Uzun tənəffüslər təhsildə daha yaxşı nəticələr əldə etməyə kömək edir. Çünki bu şagirdlərdə yenidən enerji bərpa olunur və onlar növbəti dərslərə daha yaxşı hazır olurlar. Tənəffüs müddətinin normal olması şagirdlərin ümumi rifahını və dərslərdəki uğurlarını artırmaq üçün vacibdir.

 

Dünya təhsilinin öndə gedən ölkələrində dərslərarası fasilə 20-30, hətta 40-50 dəqiqəyə qədər uzanır. Bu, həm şagirdlərin, həm də müəllimlərin zehni yorğunluğunun aradan qaldırılması üçün uğurlu təcrübə hesab olunur.

 

Məsələn, Böyük Britaniyada orta məktəblərdə adətən səhər və nahar fasiləsi olur. Bu fasilələr təxminən 15-20 dəqiqədir.Yaponiyanın orta məktəblərində də şagirdlərin uzun nahar fasiləsi olur.

 

Almaniyada "Gimnaziyalar" kimi tanınan orta məktəblərdə tez-tez fazilələr olur. Bu müddətdə şagirdlər rahat şəkildə qidalanır, dərsdənkənar fəaliyyətlərdə iştirak edirlər.

 

Mütəxəssislərin fikrincə, 5 dəqiqəlik tənəffüslər şagirdlər üçün də yetərli deyil. Şagirdin növbəti dərsə adaptasiya olması üçün zehni, fiziki yorğunluğu aradan qalxmalıdır. Şagirdin istəsə də, 6 saat müddətində qısa fasilələrlə tam dərsə adaptasiya olması qeyri-mümkündür.

 

Bundan başqa, 5 dəqiqəlik tənəffüs müddətində şagird qidalanmaq üçün bufetə düşməli və digər ehtiyaclarını ödəməlidir. Belə olduğu təqdirdə o, vaxta qənaət etmək məcburiyyətində qalır və tələsir. Nəticədə şagird böyük stress keçirir.

 

Həkim-pediatr Fəridə Quliyeva hesab edir ki, məktəblilərin sağlam qidalanması üçün 5-10 dəqiqəlik tənəffüs vaxtı kifayət deyil: “Şagirdlərə 20 dəqiqə tənəffüs vaxtı verilməlidir ki, onlar sağlam qidalana bilsinlər. Şagirdlərin çoxu məktəblərdə ayaqüstü qidalanır. Bu isə böyüməkdə olan uşaqların sağlamlığına təsirsiz ötüşmür. Məktəblərdə uşaqların qidalanması məsələsinə diqqət yetirmək lazımdır. Məktəblərdə böyük tənəffüsün müddəti az olduğundan uşaqlar rahat şəkildə yemək yeyə bilmirlər. Bu da onların sağlamlığı üçün olduqca zərərlidir. Məktəbdə keçirdiyi 6 saat ərzində uşaq normal qidalana bilmirsə və ya ayaqüstü, tələsik qida qəbul edirsə, o necə sağlam böyüyə bilər?".

 

Həkimin sözlərinə görə, 5 dəqiqə uşağın zehni yorğunluğunun aradan qalxması üçün də çox az bir zamandır: "Bu gün məktəblərdə dərs proqramı çox çətindir. Ona görə də şagirdin dərslərarası istirahət etməyə ehtiyacı var. Tənəffüs müddəti uşağın dərs yorğunluğunun çıxması üçün vacibdir. 5 dəqiqəlik tənəffüsdə uşaq dəhlizin o başına çatmamış zəng vurulur. Kiçik tənəffüs 10 dəqiqə olarsa, şagirdin zehni baxımdan dincəlməsi mümkün olar.  Qeyd edim ki, zehni tükənmə beyin çox stimul aldıqda və ya istirahət etmədən intensiv fəaliyyət səviyyəsini saxlamaq məcburiyyətində qaldıqda baş verir. Bu zaman insanın dinləmə, qavrana və dərketməsində problemlər yaranır. Belə bir vəziyyətdə onun nə isə öyrənməsi, qavraması qeyri mümkündür”.

 

Şagird Ayan Babazadə deyir ki, 5 dəqiqəlik tənəffüs zamanı ancaq sinifdə, ya da sinfin qarşısındakı dəhlizdə olur. Yalnız böyük tənəffüsdə sinifdən bayıra çıxır və qida almaq üçün bufetə gedir: “Bütün şagirdlər bilir ki, dərsə gecikmək olmaz. Ona görə də 5 dəqiqəlik tənəffüslərdə sinifdən çıxmıram. Qida da qəbul etmirəm. Çünki, vaxt az olur. Tənəffüsdə yaxşı dincəlmədiyimiz üçün dərsdə hərdən yorğun oluruq. Bir az da olsa dincəlmək, digər dərsə zehin açıqlığı ilə girmək üçün vaxtımız qalmır. Mən bəzən 4-cü dərsdən sonra hiss edirəm ki, qavrama qabiliyyətim zəifləyir. Bəzən müəllimə nə qədər də diqqətlə qulaq assam belə, beynim yorğun olduğu üçün mövzunu başa düşə bilmirəm”.

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, təhsil sistemi ilə öndə gedən Finlandiyada böyük tənəffüs müddətinin 30 dəqiqədir: “"Bu ölkədə şagirdlərin açıq havada gəzməsi üçün vaxt ayrılır. Həm dincəlir, həm qidalanırlar. Bəzi ölkələrdə hətta dərs müddətində iki 30 dəqiqə tənəffüs verilir. Belə halda şagird də, müəllim də zehni baxımdan dincəlmək imkanı əldə edir. Şagird növbəti dərsi daha yaxşı qavrayır. 5 dəqiqə fasilə ilə dərsə davam etmək düzgün deyil. Şagird böyük tənəffüsdə dincəlməlidir. Eyni zamanda qidalanmalıdır. 5 dəqiqəlik tənəffüslər onların həm yorğunluğunun çıxmasına, həm də müəyyən ehtiyaclarının ödənməsinə kifayət etmir. Uşaqlar tənəffüs müddətində sinifdən çıxmalıdırlar. Hərəkət etməlidirlər, yemək üçün bufetə getməlidirlər. Bütün bunlar uşağın sağlamlığı baxımdan önəmlidir”.

 

Şahlar Əsgərov qeyd edib ki, 5 dəqiqəlik tənəffüslər müəllimlər üçün də yetərli deyil: “Beş dəqiqəyə müəllim ancaq müəllimlər otağına gedib jurnalı götürüb dərhal digər sinfə keçir. Müəllimə azda olsa dincəlmək, digər dərsə zehin açıqlığı ilə girmək üçün heç bir vaxtı qalmır. Müəllim bir az dincəlməlidir ki, növbəti 45 dəqiqəyə hazır olsun. Bu növbəti dərsin daha effektiv keçirilməsinə zəmin yaradır. Bundan başqa, nəzərə alaq ki, müəllimin səhər saatlarında, yəni 1-ci, 2-ci, 3-cü saatlarda gümrahlığı axırıncı saatlardakı kimi deyil. Yəni dərslərin sayı çoxaldıqca müəllim də istər-istəməz yorulur. Buna görə də dərslərarası fasilədə müəllimin daha çox dincəlməsinə zaman lazımdır".

 

Təhsil Eksperti Nadir İsrafilovun fikrincə, məktəblərdə tənəffüs müddətinin uzadılmasına qərar verilərsə, bu zaman məktəb rəhbərliyi tərəfindən şagirdlərə ciddi nazərət olunmalıdır: "Danılmaz faktdır ki, məktəblərdə baş verən bir çox xoşagəlməz halların baş verməsi əsasən tənəffüs vaxtlarına təsadüf edir. Çoxlarımız bir müddət əvvəl məktəblərimizin birində məhz tənəffüs vaxtı bir şagirdin digər şagirdi vəhşicəsinə döyməsinin şahidiyik. Bəlkə də tənəffüs bir az da uzansaydı, həmin şagird yarımcan olacaqdı. Bu kimi halların baş verməməsi üçün şagirdlər üzərində nəzarət gücləndirilməlidir".

 

Ekspert qeyd edib ki, əgər tənəffüs vaxtının artırılmasında israr edənlərin say etibarı ilə artımı müşahidə olunarsa, bunu bir neçə məktəbdə pilot şəklində sınaqdan keçirib, nəticəyönümlü müvafiq qərar qəbul etmək mümkündür: "Ən yaxşı halda isə, məsləhət bilinən artımı böyük tənəffüsə əlavə etmək daha məqsədəuyğun ola bilər. Bunun üçün isə ilk olaraq bütün məktəblərdə dərslərin bir növbəli olması  təmin olunmalıdır ki, ikinci növbədəkilər evə vaxtında gələ bilsinlər".

 

Məsələyə münasibət bildirən elm və təhsil naziri Emin Əmrullayev deyib ki, məktəblərdə tənəffüslərin qısa olması isə ikinövbəli məktəblərdə şagirdlərin orada qalma müddətinin uzanmaması üçündür. Nazir bildirib ki, hazırda məktəblərdə tənəffüs müddəti məktəblər tərəfindən müəyyən edilir. Əgər dərsarası tənəffüs müddəti yetərli deyilsə, vaxtın artırılması ilə bağlı məktəblər tərəfindən müvafiq qərar verilə bilər.

 

Nərmin Qarazadə

Seçilən
1
azedu.az

1Mənbələr