Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edirlər. Biz bunu ən azı 20 ildir edirik – 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir.
Azərbaycan Prezidenti İlham Əliyevin XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışından
Azərbaycan dünyanın çağdaş siyasi arenasında baş verən hadisələri diqqətlə izləyir, planetin üzləşdiyi qlobal problemlərin həllinə öz töhfəsini verməyə çalışır. Əsrlər boyu yurdumuz sivilizasiyaların kəsişdiyi nöqtə, müxtəlif mədəniyyətlərin çulğaşdığı məkan olub. Bu amil, eləcə də Avropa və Asiya arasında təbii coğrafi körpü olması, milli ənənələrimiz Azərbaycanı yaxın və uzaq ölkələr, xalqlar üçün cəlbedici edib, daim xüsusi ab-havası ilə seçilib. Bu baxımdan, dünyanın siyasi-iqtisadi, mədəni, ekoloji nəbzinin bu gün məhz Bakıda vurması qətiyyən təsadüfi sayıla bilməz.
Paytaxtın “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu öz işinə başlayıb.
XII Bakı Forumunda bu gün dünyanı narahat edən qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcəyə yönəlik paktı, orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur. Üç gün davam edəcək tədbirdə dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən 50-yə yaxın fəaliyyətdə olan və sabiq prezident, baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak edirlər.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir və burada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur. “Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir” – deyən dövlətimizin başçısı daha sonra bildirdi: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur”.
* * *
Oxuculara xatırladaq ki, tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə qlobal forumlara ev sahibliyi etməsi, bu tədbirlərdə iştirak edən nüfuzlu siyasi liderlərin sayının nəzərəçarpacaq dərəcədə artması ölkəmizə olan marağın və etimadın, eyni zamanda, dövlətimizin başçısının siyasətindən məmnunluğun ifadəsi kimi dəyərləndirilməlidir.
Forumun açılışındakı çıxışında Prezident İlham Əliyev Ermənistan–Azərbaycan münasibətlərinə toxunaraq, xalqımızın işğal illərini heç vaxt yaddan çıxarmayacağını vurğuladı: “Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar kəndlərimizə, şəhərlərimizə, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər”.
Prezident İlham Əliyev iştirakçısı olduğu elə bir beynəlxalq tədbir, görüş və ya rəsmi qəbul olmayıb ki, keçmişdə qoyduğumuz Qarabağ ağrımızı xatırlatmasın, baiskarlara o tarixdən ibrət dərsi götürmələrini tövsiyə etməsin. Dövlət başçısı çıxışında dedi: “Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı. Bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz”.
Bakı Forumunun iştirakçıları Azərbaycan liderinin bu sözlərini aksiom kimi qəbul etdilər. XII Foruma dünyanın müxtəlif regionlarından yüksək qonaqların qatılması tədbirin qlobal təsirini, beynəlxalq arenada əhəmiyyətini, eləcə də ölkəmizin sivilizasiyalararası dialoqa verdiyi töhfəni və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bu barədə fikirlərini qəzetimizlə bölüşərkən Bakı Qlobal Forumunun artıq öz yerini tapdığını bildirdi: “Forumda olduqca vacib müzakirələr aparılır. Həmin müzakirələrdə iştirak edənlərin arasında təkcə keçmiş deyil, hazırkı dövlət və hökumət başçılarının da olması foruma xüsusi status verir. Aparılan fikir mübadilələri ölkəmiz üçün, Azərbaycanın beynəlxalq gündəmdə irəliləməsi üçün olduqca vacibdir. Digər tərəfdən, özümüzün baxış və mövqeyimizi kifayət qədər geniş auditoriya qarşısında bölüşmək fürsəti verən bu beynəlxalq platforma Azərbaycanın nüfuzunu artırır, ona dəstək qazandırır. Bu baxımdan, Bakı Forumu ölkəmizə qarşı genişlənən qarayaxma kampaniyasına ən tutarlı cavab sayılmalıdır. Dünyanın dörd tərəfindən bu tədbirə gələn insanlar Bakını, Azərbaycanı görürlər, əsl mənzərənin, həqiqətin və reallığın şahidi olurlar. Rəsmi çıxışlardan savayı, yüksək qonaqlar fasilələrdə, kuluarlarda dövlətimizin başçısı, ayrı-ayrı nazirlərlə görüşlərində ölkəmiz haqqında dolğun və müfəssəl məlumatlar alırlar.
Forumun gündəliyinə gəldikdə isə o, imkanları reallığa çevrimək üzərində tərtib edilib. Gözəl sözlər deyilir, vədlər verilir, fəqət onları reallaşdırmaq məsələsində ortaya çoxlu “əmmalar” çıxır. Əslində, Azərbaycan son illər həmin “əmmaların” əksəriyyətini qırıb. Misal üçün, deyirdilər ki, ölkəmiz öz neftini dünya bazarına çıxara bilməyəcək. Azərbaycan bunun mümkün olduğunu sübut elədi. Rəsmi Bakı həm enerji, həm də nəqliyyat sahəsində böyük layihələri reallaşdırmağı bacardı. Azərbaycan başqa məsələlərdə də daim uğurlara imza atacaq”.
* * *
Prezident Bakı Forumunun açılış mərasimindəki çıxışında bölgəmiz və dünyamız üçün aktuallıq kəsb edən bir çox vacib məsələlərə toxundu. Dövlətimizin başçısı onilliklərlə erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən də danışdı: “Biz bu məsələləri Ermənistan nümayəndələri ilə, onların Brüsseldə əyləşən yeni rəhbərləri ilə qaldırırıq. İndi onlar “böyük qardaş”ını dəyişiblər. İndi həmin o “böyük qardaş” Brüsseldir. Prezident Donald Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAID ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendez də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni, necə deyərlər, bir qaranquşla bahar olmaz. Çünki onlar pulları diaspordan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şiff, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar”.
Bu həqiqətləri forum iştirakçılarının nəzərinə çatdıran Prezident İlham Əliyev diqqəti həmin dairələrin Ermənistanı silahlandırması kimi zərərli fəaliyyətlərinə yönəltdi: “Ermənistanın əldə etdityi məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir”. Bu məqamda Avropanın Ermənistandakı monitorinq missiyasının, əslində, kəşfiyyat missiyası olduğunu açıq şəkildə bildirən İlham Əliyev onların gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayandıqlarını, amma bizim əlimizdə “monitorinq missiyası” haqqında kifayət qədər kəşfiyyat məlumatının toplandığını da ermənipərəsrt “kollektiv Qərb”in nəzərinə çatdırdı.
Bununla da kifayətlənməyən dövlətimizin başçısı Avropadakı anti–Azərbaycan blokun keçən ilin noyabrında Bakıda keçirilən COP29-u boykot kampaniyasını da forum iştirakçılarının yadına saldı. BMT-nin İqlim Sammitini “Bakı sıçrayışı” kimi dəyərləndirən dövlətimizin başçısı bunun bir irs olduğunu vurğuladı. “Əfsuslar olsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu”, – deyən Prezident İ.Əliyev bunun bir sıra mərkəzlərdən idarə olunduğunu vurğuladı. Bunun ardınca isə o, Azərbaycana qarayaxma kampaniyasının başında ABŞ Dövlət Departamentinin durduğunu, “Washington Post”, “New York Times”, “News Week”, “Politico”, “Associated Press”, Fransanın Prezident ofisinin, “Le Figaro” və “Le Monde” qəzetlərin isə siyasi şantajla məşğul olduqlarını vurğuladı.
* * *
XII Qlobal Bakı Forumunun beynəlxalq platforma olaraq böyük nüfuza malik olmasını bir daha qeyd etməklə yanaşı, onun qlobal gündəmə edəcəyi korrektələrə diqqəti yönəltmək istərdik. Bu barədə XQ-yə danışan Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov Qlobal Bakı Forumunda iştirak edən qonaqların siyasi çəkisinin, nüfuzunun və sayının Azərbaycana böyük etimadın nümayişi olduğuna diqqəti çəkdi: “Bu etimad dünyanın aparıcı siyasətçiləri, ekspertləri, alimləri, eləcə də keçmiş dövlət və hökumət başçıları tərəfindən nümayiş etdirilir. Hazırda dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsinin, müzakirələrin aparılması üçün Bakı Forumu ən nüfuzlu tribunalardan biridir. Doğrudur, müzakirə ediləcək bütün məsələlərin dərhal həllini tapacağını demək olmaz, amma belə yüksək səviyyədə fikirlərin səslənməsi, mövqelərin bildirilməsi, eyni zamanda, dialoq və ünsiyyət fürsətinin yaranması böyük əhəmiyyət kəsb edir. Aparılan diskussiyaların, fikir mübadilərinin nəticəsində onlar həm də Azərbaycan reallıqlarını, həqiqətlərini, ölkəmizin tutduğu sağlam və ədalətli mövqeyi daha dərindən başa düşürlər. Bakıda keçirilən bütün beynəlxalq forum və konfranslarda dövlətimizin başçısı çıxış edir, bir sıra məsələlərə aydınlıq gətirir, eləcə də ortaya çıxan suallara ətraflı və məzmunlu cavab verir. Bu dəfə də məhz belə oldu.
Bakı Forumunu əhəmiyyətli edən amillərdən biri də bundan ibarətdir. Hesab edirəm ki, budəfəki forumun da nəticələri hamı üçün birmənalı olaraq səmərəli olacaq”.
Prezident İlham Əliyevin çıxışının ən yaddaqalan hissəsi ABŞ–Azərbaycan münasibətləri barədə oldu. “Dövlət katibi Antoni Blinkenin siyasəti, əslində, bu münasibətləri heçə endirdi” – deyən dövlətimizin başçısı həmin münasibətlərin onilliklərlə qurulmasını xatırlatdı: “Biz ABŞ-la etibarlı, yaxın tərəfdaş idik və onlar bizimlə idi. Biz onlara lazım olanda, biz onlarla idik. İraqa gəldikdə, biz, bəli, Əfqanıstana gəldikdə, bəli. Biz qeyri–NATO ölkəsi olaraq 2001-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşulduq və oranı sonuncu tərk edən tərəf olduq”. Dövlətimizin başçısı çıxışında onu da vurğuladı ki, Azərbaycan Əfqanıstandan çıxandan sonra Ağ ev bizə sanksiya tətbiq etdi, bu isə bizdə böyük məyusluq yaratdı.
* * *
Artıq forum öz işini “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panel iclaslarda davam etdirir.
Beləliklə, Bakı bir daha qlobal çağırışları səsləndirmək fürsətinə çevrilən məkan, mühüm beynəlxalq platforma rolunu oynayır. Bu məkanda aparılan diskussiyaların həm beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, problemlərin ortaq həll yollarının tapılmasına, həm də sülhün təşviqinə töhfə verəcəyinə əminik. Azərbaycanın sivilizasiyalararası dialoqu dəstəkləməsi, beynəlxalq arenada konstruktiv rolu və qlobal məsələlərin həllində fəal iştirakı Bakı Forumunda uğurlu nəticələrin əldə olunacağına etibarlı zəmin yaradır.
Fikrimizcə, XII Qlobal Bakı Forumunun ən diqqətçəkən məqamlarından biri gənclərin fikir və ideyalarına həsr edilən “Gənclər danışsın, biz dinləyək” paneli olacaq. Bu barədə növbəti yazımızda söz açacağıq.
İmran BƏDİRXANLI
XQ