AZ

Sülhün bir addımlığında - Bu məsələlər də həll olunsa...

Azərbaycan və Ermənistan arasında uzun müddətdir davam edən sülh danışıqları çərçivəsində mühüm mərhələyə keçid edilib. Hər iki ölkə sülh sazişinin mətnini tam razılaşdırıb və açıq qalan son iki bənd üzərində razılıq əldə olunub. Lakin sənədin imzalanması üçün hələ də bəzi əsas məsələlər həllini tapmayıb. Bakı İrəvandan ciddi öhdəliklər gözləyir və bu öhdəliklər yerinə yetirilmədən sülh sazişinin reallaşması mümkün görünmür.

Ermənistan Xarici İşlər Nazirliyi rəsmi açıqlama verərək sülh sazişinin imzalanmağa hazır olduğunu və sənədin imzalanma vaxtı və yeri ilə bağlı Azərbaycanla məsləhətləşmələrə başlamağa hazır olduqlarını bildirib. Ermənistan tərəfi bu açıqlama ilə guya sülh prosesində son nöqtənin qoyulduğunu göstərməyə çalışsa da, Bakı bu fikirlə razı deyil. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, mətn üzrə danışıqlar prosesi başa çatsa da, bu, sazişin imzalanması demək deyil.

Ceyhun Bayramov açıqlamasında vurğulayıb ki, Ermənistan son iki açıq qalmış maddə ilə bağlı Azərbaycanın təkliflərini qəbul etdiyini rəsmi kanallar vasitəsilə təsdiqləyib və nəticədə mətn üzərində iş tamamlanıb. Lakin bu, avtomatik olaraq sülhün təmin olunması demək deyil. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, Ermənistan tərəfindən yerinə yetirilməli olan vacib məsələlər var.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bu məsələlərə toxunaraq Ermənistanın sülh prosesində əsl irəliləyiş əldə etmək üçün atmalı olduğu addımları açıqlayıb. Prezident bəyan edib ki, ilk növbədə, Ermənistan konstitusiyasını dəyişdirməli və Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddialara tamamilə son qoymalıdır. Ermənistanın mövcud konstitusiyası hələ də Azərbaycanın suverenliyini tanımayan, ərazi iddialarını özündə ehtiva edən müddəaları saxlayır və bu, sülh prosesinin qarşısındakı ən böyük maneələrdən biridir.

Bundan başqa, Prezident Əliyev bildirib ki, Ermənistan təkcə siyasi olaraq deyil, həm də hüquqi baxımdan məsuliyyət daşımalıdır. Azərbaycan torpaqlarında işğal dövründə törədilmiş hərbi cinayətlərə görə Ermənistan hökuməti təzminat ödəməli, dağıdılmış şəhərlərin və kəndlərin bərpası üçün kompensasiya verməlidir. Xocalı soyqırımı və digər müharibə cinayətləri ədalət müstəvisində həll olunmadan sülhün uzunmüddətli və dayanıqlı olması mümkün deyil.

Azərbaycanın əsas tələblərindən biri də, Ermənistanın beynəlxalq hüquqi öhdəliklərinə əməl etməsi və konkret addımlar atmasıdır. Prezidentin vurğuladığı kimi Ermənistan insanlıq əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən şəxsləri Azərbaycana təhvil verməlidir. Müharibə dövründə və işğal müddətində mülki əhaliyə qarşı törədilmiş cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin cəzasız qalması sülh prosesinə zərbə vura bilər. Bu səbəbdən də, Ermənistan bu şəxslərin ədalət qarşısında cavab verməsini təmin etməlidir.

Ermənistanın sülh sazişinin imzalanmağa hazır olduğunu iddia etməsi bir çox məqamı nəzərdən qaçırmaq cəhdidir. Bakı açıq şəkildə bildirir ki, sülh müqaviləsinin sadəcə razılaşdırılmış mətni yox, onun həyata keçirilməsi üçün vacib addımların atılması daha önəmlidir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları tamamilə aradan qalxmayınca, bu ölkənin Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinə görə hüquqi məsuliyyəti qəbul etməyincə və təzminat məsələsi həll olunmayınca, sülh müqaviləsinin imzalanması real görünmür.

Hazırda ortada olan mətn 15 maddədən ibarət olsa da, onun imzalanması üçün Ermənistan tərəfindən bu tələblərin yerinə yetirilməsi lazımdır. Azərbaycan tərəfi bunu açıq şəkildə bəyan edib və prosesin yalnız bu şərtlər daxilində davam etdiriləcəyini bildirib.

Ermənistanın xarici işlər nazirliyinin sülh sazişinin imzalanmağa hazır olduğu barədə bəyanat yayması və imza mərasiminin vaxtı və yerini müzakirəyə açması, guya prosesi sürətləndirmək istəyən tərəf kimi görünmək cəhdidir. Lakin Azərbaycan bunun sadəcə bir görüntü olduğunu hesab edir. Ermənistanın əsas məsələləri həll etmədən sülh müqaviləsinin imzalanmasını gündəmə gətirməsi, İrəvanın beynəlxalq ictimaiyyətdə öz mövqeyini gücləndirmək istəyindən irəli gəlir.

Sülh sazişinin mətninin yekunlaşdırılması mühüm addım olsa da, bu, hələ yekun həll yolu deyil. Sənədin imzalanması üçün Ermənistanın üzərinə düşən konkret öhdəlikləri yerinə yetirməsi vacibdir. İlk növbədə, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı iddiaların tamamilə aradan qaldırılması tələb olunur. Bundan əlavə, Ermənistanın keçmiş münaqişə zamanı törətdiyi cinayətlərə görə məsuliyyəti qəbul etməsi, günahkar şəxsləri ədalət qarşısına çıxarması və təzminat ödənişi məsələsinin həll edilməsi şərtdir.

İslam
Milli.Az

Seçilən
5
milli.az

1Mənbələr