“2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37.2 mlrd. manat (102% icra), xərcləri isə 37,7 mlrd. manat (95% icra) təşkil edib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nı təqdim edərkən bildirib.
“Beləliklə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi - maliyyə sabitliyi və inflyasiyanın aşağı birrəqəmli səviyyəsi təmin edilib.
Maliyyə vəziyyətimizin yaxşılaşması nəticəsində qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, vergi-gömrük güzəştləri, biznes-investisiya mühitinin yaxşılaşdırılması, habelə dövlətlə özəl sektor arasında birgə maliyyələşdirmə istiqamətində kompleks işlər davam etdirilib”, - deyə Baş nazir bildirib.
***
Baş nazir əlavə edib ki, 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib: “2024-cü ildə orta pensiya məbləği 12%, yaşa görə pensiya 11,3% artıb, yaşayış minimumu ölkə üzrə 9,8% artıb. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub”.
***
Əli Əsədovun sözlərinə görə, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib: “Bundan sonra da hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir.
Prezident İlham Əlyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib, habelə 93 avtomobil müharibə əlillərinə təqdim edilib.
Həmçinin, hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 mln. manat vəsait ayrılıb.
Əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 mln. manat vəsait ayrılıb.
Bununla yanaşı qəzalı binalarla bağlı problemlərin həlli, o cümlədən inventarizasiya və mənzil köçürülməsi işləri aparılmışdır. Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 mln. manat vəsait nəzərdə tutulub.
Ümumiyyətlə qeyd edim ki, 2024-cü ildə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi investisiyanın 72,4%-ni təşkil edərək 15,5 mlrd. manat olub”.
Nuranə Daxilqızı