Stokholm, 14 mart, AZƏRTAC
Finlandiya hətta elektrik enerjisinin kəsiləcəyi təqdirdə fəaliyyət göstərə biləcək ərzaq ehtiyatı olan 300 mağazadan ibarət şəbəkə yaratmaqla qida təhlükəsizliyi tədbirlərini artırır.
AZƏRTAC xəbər verir ki, bu mağazalar ərzaq məhsulları, habelə bəzi hallarda yanacağa çıxışı təmin edəcəklər. Onlar şəhərlərdə istehlakçılardan azı 50 kilometr, kənd yerlərində isə 150 kilometrlik məsafədə yerləşəcək.
Layihə pərakəndə satış şəbəkələri ilə əməkdaşlıq şəraitində həyata keçirilir: Finlandiyanın dövlətə məxsus Fövqəladə Təchizat Mərkəzi (FBC) ehtiyat generatorları maliyyələşdirir, mağaza sahibləri isə əlavə xərcləri qarşılayır. Ödəniş və logistika sistemlərinin fəaliyyətinin təmin edilməsi üçün də tədbirlər nəzərdə tutulur.
Finlandiyanın ərzaq ehtiyatlarının qədim ənənələri var, bu ölkədə dövlət taxıl anbarları 1726-cı ildən mövcuddur. Bu gün ehtiyatlar ölkəni 9 ay ərzində ərzaqla təmin etməyə imkan verir. Ənənəvi olaraq, FBC maliyyəsi dövlət büdcəsindən müstəqildir, amma bu vəsait elektrik enerjisi və qazıntı yanacağı istehlakına görə ödənişlərdən əldə edilir. Lakin ekoloji cəhətdən təmiz enerjiyə keçidlə əlaqədar ehtiyat fonduna daxilolmalar azalır ki, bu da maliyyələşmə məsələsinə yenidən baxılmasını tələb edir.
Bu il ərzaq ehtiyatı mağazalarının birinci qrupu birləşdiriləcək və şəbəkənin tam tətbiqi 2028-ci ilə planlaşdırılır.