AZ

Güzəştli kreditlər artır

2 ayda 547 layihəyə 32,1 milyon manat vəsait ayrılıb

Sahibkarlığın İnkişafı Fondundan (SİF) bildirilib ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib. Kreditlər hesabına 509 yeni iş yerinin yaradılması planlaşdırılıb.

Qeyd edək ki, 2024-cü il ərzində sahibkarların 5 min 722 layihəsinin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit ayrılıb. Həmin kreditin 53,3 faizi kənd təsərrüfatı məhsulları istehsalının, 38,1 faizi sənaye məhsulları istehsalı və emalının, 2,1 faizi turizmin, 6,5 faizi isə digər sahələrin payına düşüb. Onu da qeyd edək ki, ötən il SİF tərəfindən güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayı əvvəlki illə müqayisədə 74,7 faiz artaraq 5722-yə çatıb. Maliyyələşdirilən layihələrin böyük əksəriyyəti – 94,7 faizi regionların payına düşüb.

Son 5 ildə SİF tərəfindən verilmiş güzəştli kreditlərin həcmində mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı artıb. 2020-ci ildə verilmiş kredit məbləğinin 86 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşdüyü halda, 2024-cü il ərzində bu göstərici artıq 93 faiz təşkil edib.

2020-ci ildə güzəştli kreditlərin 54 faizi regionların payına düşürdüsə, 2024-cü il ərzində maliyyələşdirilən layihələrin 72 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə aiddir. Son 5 ildə SİF-in güzəştli kreditlərindən yararlanan qadın və gənc sahibkarların sayı da əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2020-ci ildə qadın sahibkarlara məxsus 75 layihəyə güzəştli kredit verildiyi halda, 2024-cü il ərzində bu say 472-yə yüksəlib.

Eyni zamanda, 2020-ci ildə gənc sahibkarlara məxsus 50 layihə güzəştli kreditlə təmin edilmişdisə, 2024-cü ildə 170 belə layihə SİF tərəfindən güzəştli kreditlə dəstəklənib. 2022-ci ildən etibarən yaşıl layihələr güzəştli kredit mexanizmi üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlərə daxil edilib. Artıq sahibkarlar 11 belə layihə üzrə, ümumilikdə, 5,2 milyon manata yaxın güzəştli kreditdən yararlanıblar.

Bu göstəricilər dövlətin sahibkarlığın inkişafına həssaslıqla, qayğı ilə yanaşmasının bariz ifadəsidir. Ümumiyyətlə, ölkədə istehsalın, qeyri-neft ixracının, məşğulluğun artırılması və digər önəmli məsələlərdə sahibkarlıq, özəl sektor həlledici rol oynayır. Respublikamızda sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyaların tətbiqi, real sektora maliyyə dəstəyi göstərilməsi və digər tədbirlər həyata keçirilir.

Bütün bunların nəticəsində bu gün ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamlarının azad edilən ərazilərdə, xarici ölkələrdə həyata keçirilən layihələrdə fəal iştirakı gerçəkləşib, müxtəlif sahələrə investisiya yatırımı sürətlənib.

Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6 faizi kiçik və orta biznesin (KOB) payına düşür. Özəl sektorun, xüsusilə KOB-ların iqtisadiyyatda rolunun, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına, satış bazarlarına çıxışının genişləndirilməsi istiqamətində müxtəlif dəstək mexanizmləri həyata keçirilir. 50-dən çox şəhər və rayonda sahibkarlara yerində xidmət göstərən “KOB dostu” ofisləri, biznes biliklərini artıran KOB inkişaf mərkəzləri (KOBİM-lər) və sahibkarlara vahid məkanda xidmət göstərən KOB evlərinin fəaliyyəti biznesin işini asanlaşdırır.

50-dən çox dövlət və özəl qurumu sahibkarlara 400-dən çox G2B və B2B xidmətinin təqdim edildiyi KOB evlərində təkcə 2024-cü ildə 456 minə yaxın xidmət göstərib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ötən il Azərbaycanın KOB evi modelini qabaqcıl innovativ təcrübə kimi yayıb.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, KOB evlərinin respublikamızın digər iri şəhər və rayonlarında da yaradılması istiqamətində işlər davam etdirilir. Ötən il sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə KOBİM-lərin ödənişsiz təlim və məsləhət xidmətlərindən 13 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb. Kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 1100-dən çox biznes planın ödənişsiz hazırlanmasına dəstək göstərilib.

40-dan çox sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib. 2024-cü ildə dövlət–universitet–özəl sektor əməkdaşlığı çərçivəsində KOB Model Müəssisə yaradılıb. Model müəssisədə sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün təlimlərin keçirilməsinə başlanıb.

Milli iqtisadiyyatın inkişafı üçün əsas vasitələrdən biri də investisiya təşviqi mexanizmidir. Mexanizm investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması və regional inkişafın dəstəklənməsi məqsədilə tətbiq olunur. 2016-cı ildən başlayaraq 502 sahibkarlıq subyektinə 603 investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 7,3 milyard manatadək investisiyanın yatırılması, 43 mindən çox iş yerinin açılması nəzərdə tutulub.

Artıq investisiya təşviqi sənədi verilmiş 500-dək layihənin icrasına başlanılıb, digər layihələrin qurulması üzrə işlər isə davam etdirilir. Eyni zamanda, 2,2 milyard manat dəyərində texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 6100-dən çox təsdiqedici sənəd verilib, sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 531 milyon manata yaxın məbləğdə güzəşt əldə olunub.

İnnovativ layihələrin dəstəklənməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro və kiçik sahibkarlara “Startap” şəhadətnaməsi verilir. İndiyədək mikro və kiçik sahibkarlara 192 “Startap” şəhadətnaməsi təqdim olunub. Yeni biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinin risklərinin sığortalanması baxımından daxili bazar araşdırması diqqətdə saxlanılıb. İndiyədək isə 60-dan çox daxili bazar araşdırması aparılıb.

Bundan başqa, KOBİA sahibkarların ödənişsiz olaraq ölkəmizdə və xaricdə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına, ticarət şəbəkələrinə çıxışına dəstək göstərir. 2024-cü ildə ilk KOB klaster şirkəti dövlət qeydiyyatına alınıb və bu quruma müxtəlif vergi güzəştlərini nəzərdə tutan “KOB klaster şəhadətnaməsi” təqdim olunub. KOB klaster şirkəti Quba rayonunun ərazisində alkoqolsuz içkilərin istehsalında istifadə ediləcək təbii meyvə konsentratı istehsal edəcək. 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılan zavodda illik 4 min ton alma konsentratı istehsal edilməsi nəzərdə tutulur. KOB klaster şirkətinin fəaliyyəti üçün 15 milyon manat investisiya yatırılacağı və layihə çərçivəsində ilkin mərhələdə 30 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.

 

Seçilən
6
xalqqazeti.az

1Mənbələr