“Ermənistan tərəfi Azərbaycanın təkidi və birbaşa təsiri ilə sülh mətnindəki bütün maddələri qəbul etdi. Bu, Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilməlidir. Ancaq sülh mətninin razılaşdırılması hələ o demək deyil ki, sülh tam əldə olunub. Dəfələrlə Ermənistan tərəfinin söz verməsinə, sülhdən danışmasına şahidlik etmişik. Lakin Ermənistan öz havadarlarının da təsiri ilə təxribatlara əl atıb. İrəvan ilk növbədə Azərbaycana qarşı ərazi iddialarından tam olaraq əl çəkdiyini sübut etməli, öz ali qanununda dəyişikliyə getməli, paralel olaraq ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi müraciət etməlidir, çünki bu proses bir gündə yekunlaşmır. Rəsmi müraciət olunsa, növbəti iclaslarda səsverməyə çıxarılır, yəni uzun prosesdurdur. Həmçinin delimitasiya və demarkasiya məsələlərində də Ermənistan tərəfinin Azərbaycan tərəfinə çətinlik yaratmaması, əlavə təxribatlara əl atmaması vacibdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, üçtərəfli bəyanatda Ermənistanın götürdüyü ən vacib öhdəliklərdən biri məhz Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında maneəsiz kommunikasiyanın işə düşməsinə şəraitin yaradılmasıdır: “Artıq 5 ilə yaxın vaxt keçib, hələ də Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı Ermənistan tərəfindən müsbət addımlar görə bilmirik. Heç ümumiyyətlə, nə dəmir yolunun, nə də quru yolunun tikintisinə Ermənistan ərazisində başlanılmayıb. Bu da işi çətinləşdirən əsas məqamlardan biridir. Ermənistan ən qısa zamanda məhz Zəngilandan Naxçıvana gedəcək kommunikasiya xəttinin işə düşməsi ilə bağlı real addımlar atmalıdır. Özləri bu yolu inşa edə bilmirlərsə, şərait yaratmalıdırlar ki, Azərbaycan məhz Ermənistan ərazisində də maneəsiz kommunikasiyanın işə düşməsi ilə bağlı işləri həyata keçirsin. Sülh mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb deyə qətiyyən razılaşmamalıyıq ki, hər şey bitdi, hər şey hazırdır. Xüsusilə, Ermənistan tərəfinin son iki ildə öz havadarlarının birbaşa dəstəyi ilə aktiv şəkildə silahlandırılması əlavə mətləblərdən xəbər verir. İrəvan aktiv silahlanmanı dayandırmalı, regionda təhlükə olmaqdan çəkinməli, təhlükəli oyunlardan boyun qaçırmalıdır. Əks halda, xırda bir səhv, təxribat prosesləri yenidən əvvələ qaytara bilər. İnanıram ki, Ermənistan yanlışa yol verməyəcək, vaxt qazanmaq üçün ortaya növbəti yalanlar atmayacaq, bəhanələrlə çıxış etməyəcək və nəhayət, sülh bu il baş tuta biləcək”.
Aytəkin Qardaşova