İndiyədək 54 mindən çox müəssisə şəxsi mülkiyyətə keçib
Özəlləşdirmə ölkəmizin ÜDM-də özəl sektorun payının artmasında mühüm rol oynayır. Bununla yanaşı, özəlləşdirmə əhalinin məşğulluğunun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən yükün azalması baxımından da böyük əhəmiyyət daşıyır. İndiyədək respublikada özəlləşdirilən müəssisələrdə on minlərlə yeni iş yerinin yaradılması da bundan xəbər verir.
İqtisadiyyat Nazirliyindən qəzetimizə verilən məlumata əsasən, müəssisələrin özəlləşdirilməsi ilə ölkədə sərbəst rəqabət mühitinin formalaşmasına əlavə imkanlar açılıb, əvvəllər istehsal olunmayan, idxalı əvəz edən və ixracyönümlü, rəqabətqabiliyyətli məhsulların istehsalına nail olunub. Müxtəlif ölkələrin hüquqi və fiziki şəxslərinin iştirakı ilə özəlləşdirilən müvafiq müəssisələrə 300 milyon ABŞ dollarından artıq məbləğdə investisiyalar yatırılıb.
Bildirilir ki, respublikada indiyədək 52,7 mindən artıq kiçik müəssisə və obyekt şəxsi mülkiyyətə keçib, orta və iri dövlət müəssisələrinin bazasında yaradılan 1565 açıq səhmdar cəmiyyətdən 1495-i tam, 47-sinin isə nəzarət səhm zərfindən yuxarı hissəsi özəlləşdirilib.