Cənab Prezidentin tapşırığı ilə Hökumət qarşısında mühüm vəzifələrdən biri də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının ixrac coğrafiyasının genişləndirilməsidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.
Qeyd edib ki, hazırda bu kəmər vasitəsilə qazımızı alan ölkələrin sayı 12-ə bərabərdir.
"Hesabat ili ərzində 29,1 milyon ton neft, 50,6 milyard kubmetr qaz hasil edilmişdir. Neftin 24,4 milyon tonu, qazın isə 25,5 milyard kubmetri ixrac edilmişdir".
Baş nazir nzərə çatdırıb ki, 2024-cü ildə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin və tranzit potensialının artırılması üçün bir çox layihələr reallaşdırılmışdır.
Vurğulayıb ki, 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 mln.ton olmuşdur. Bu yüklərin 57%-ni tranzit yüklər təşkil etmişdir.
"Şərq-Qərb istiqamətində Orta Dəhlizin əsas komponentlərindən biri olan Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verilmiş, xəttin illik yükaşırma həcmi 1 mln. tondan 5 mln. tona çatdırılmışdır.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzərində yerləşən ölkələr ilə sıx əməkdaşlıq nəticəsində dəhlizin ötürmə qabiliyyətinin artırılması istiqamətində artıq konkret işlərə başlanılmışdır".
Mina Mikayılova